İnklüziv təhsil

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir[1]. Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. Belə ki, bütün uşaqların eyni sinifdə həyata keçirilən tədris prosesində iştirakı təhsilverənləri şagirdlərə fərdi yanaşmağa sövq edir. Əlavə olaraq, müxtəlif araşdırmaların nəticələri göstərir ki, əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişməyə, özünə hörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur ki, bu, sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) “Əlillərin hüquqları haqqında” Konvensiyası əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. Eynilə, BMT-nin “Uşaq Hüquqları Konvensiyası”sının 28-ci maddəsi hər bir uşağın təhsil hüququnu tanıyır və bərabər imkanlar əsasında bu hüququn həyata keçirilməsi dəstəkləyir. Adıçəkilən maddə bildirir ki, təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsi, insan hüquqlarına və əsas azadlıqlara, azad cəmiyyətdə sülh, dostluq, anlaşma, tolerantlıq və bərabərlik içində həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir. Bu əsasda, əlilliyi olan uşaqların əlilliyi olmayan uşaqlarla birlikdə təhsilə cəlb edilməsi xüsusilə nəzərə alınır. Bundan başqa, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 4 hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsilin təminatını vurğulayır.

Milli qanunvericilikdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyi və onların təhsili üçün maneəsiz mühit yaratmağı əsas məqsəd kimi qəbul edir.

Buna əsaslanaraq, beynəlxalq və milli öhdəliklərin yerinə yetirilməsi istiqamətində təhsil sistemində əhəmiyyətli işlər görülür. Ölkədə keyfiyyətli inklüziv təhsili təmin etmək məqsədilə inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək verilir, inklüziv təhsilin keyfiyyəti artırılır və məktəblərdə kadr potensialı gücləndirilir.

 Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2018-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıqda bir sıra fəaliyyətlər həyata keçirir. Belə ki, 2018-2020-ci illərdə əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində keyfiyyətli təhsil almaq imkanlarını dəstəkləmək məqsədilə Müəllim İnkişafı Mərkəzləri (bəzən Resurs Mərkəzləri adlandırılır) yaradılıb. 7 region üzrə (Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Ağcabədi və Qazax) seçilmiş 9 məktəbdə yaradılan həmin mərkəzlər müəllimlərin peşəkar inkişafına xidmət göstərib.

2021-ci ildən başlayaraq, ARTİ inklüzivliyin təbliğinə və inklüziv təhsilin tətbiqinə 3 istiqamət üzrə dəstək göstərir:

1.      Maarifləndirmə

İnklüziv təhsil haqqında maraqlı tərəflərin maarifləndirilməsini təmin etmək məqsədilə bir sıra fəaliyyətlər həyata keçirilir. Belə ki, ümumi təhsil müəssisələrində inklüziya mədəniyyətini formalaşdırmaq üçün pedaqoji və inzibati heyət, eləcə də şagirdlər və onların valideynləri ilə görüşlər təşkil olunur. Həmin görüşlər zamanı iştirakçılara inklüzivlik, inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, əlilliyə tibbi və sosial yanaşma, o cümlədən məktəb heyətinin və valideynlərin inklüziv təhsildə rolu müzakirə edilir.

Bundan əlavə, inklüziv təhsilin mahiyyəti və əhəmiyyətinindən bəhs edən sosial videoçarxlar hazırlanır.

2.      Təlimlər

Müəllim, korreksiyaedici pedaqoq və psixoloqların inklüziv təhsil sahəsində səriştəliliklərini artırmaq üçün ARTİ müxtəlif təlimlər keçirir. Təlimlər inklüziv dəyərlər, əlilliyə sosial və tibbi yanaşma, uşaqyönümlü pedagoqika, Universal Öyrənmə Dizaynı, tədris-təlim prosesinin səmərəli təşkilinin təşviqi üçün inklüziv təhsilin planlaması və tətbiqi, müxtəlif sinif strategiyalarından istifadə və digər mövzuları əhatə edir.

Eyni zamanda, inklüziv təhsilə cəlb olunacaq əlilliyi olan uşaqların seçimində Psixoloji-tibbi-pedaqoji komissiyalara dəstək göstərmək məqsədilə təlimlər hayəta keçirilir. Komissiya üzvləri ilə inklüziv təhsil və inklüzivlik, əlilliyi olan uşaqların valideynləri ilə iş, habelə şagirdlərin müəyyənləşdirilməsi qaydaları və meyarları, onların inklüziv təhsilə cəlb olunmasına maneələr müzakirə edilir.

3.      Metodik dəstək

Keyfiyyətli inklüziv təhsilin tətbiqini təmin etmək üçün müəllimlərə, korreksiyaedici pedaqoqlara, psixoloqlara və məktəb rəhbərliyinə mentorluq və Fərdi Təlim Planları üzrə dəstək göstərilir. Mentorluq dəstəyi zamanı pedaqoji və inzibati heyət ilə əlilliyi olan şagirdlərin məktəbə və müəllimlərə adaptasiyası, sosiallaşması, dərslərdə səmərəli tədris strategiyalarından istifadə, o cümlədən tədris-təlim prosesində yaranan çətinliklər və onların aradan qaldırılması və valideynlərlə əməkdaşlıq kimi mövzulara dair müzakirələr aparılır, bu istiqamətlərdə təklif və məsləhətlər verilir.

Həmçinin mütəxəssislər tərəfindən müəllimlər, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları və valideynlərə Fərdi Təlim Planlarının tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə lazımi köməklik göstərilir. 

Bundan başqa, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında çalışan müəllimlərə əlilliyi olan şagirdlərlə təlim prosesinin səmərəli təşkilində kömək etmək üçün “Məktəbəhazırlıq qruplarında inklüziv təlimin təşkili” adlı metodik vəsait hazırlanıb.

İnklüziv təhsilin tətbiqi və inkişafı sahəsində görülən işlərin qiymətləndirilməsi və lazımi düzəlişlərin vaxtında həyata keçirilməsi məqsədilə ARTİ tərəfindən məktəblərdə mütəmadi olaraq monitorinqlər aparılır.


[1] 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı.