Təhsil proqramları və standartları

Yeni təhsil proqramlarının yaradılması müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsini zəruri etmişdir ki, bu istiqamətdə bütün ölkəni əhatə edən təlimlərin keçirilməsi ilə yanaşı, xeyli pedaqoji, metodik ədəbiyyat da hazırlanmışdır. İnstitutun müxtəlif siniflər və fənlər üzrə kurikulumların tətbiqinə dair tövsiyələri, təlim materiallarının təxmini planlaşdırılmasını, qiymətləndirmə mexanizmlərini özündə ehtiva edən nəşrləri mövcuddur.

XX əsrin sonunda başlanılmış kurikulum islahatına hazırda Təhsil standartları və proqramları şöbəsi rəhbərlik edir. 2019- cu ildə Təhsil İnstitutunun fəaliyyət istiqamətləri müasir tələblər səviyyəsində yenidən qurularkən strukturda Təhsil standartları və proqramları şöbəsi formalaşdırılmışdır. Şöbənin Əsasnaməsinə əsasən onun mərkəzi fəaliyyəti təhsil qanununda müəyyənləşdirilmiş təhsilin bütün pillələri və səviyyələri üçün fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil teхnоlоgiyalarını ehtiva edən təhsil standartları və proqramları hazırlamaq, təkmilləşdirmək və lazımi dəyişikliklər etmək, o cümlədən onların pilot və ümumi tətbiqini izləmək, qiymətləndirmək və nəticələrini analiz etməkdən ibarətdir. Bundan başqa, şöbə digər qurumlar tərəfindən təhsilin bütün pillələri və səviyyələri üçün hazırlanmış standart və proqramlara rəy verir, təklif olunmuş dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, əlavə dərs vəsaitlərinin müvafiq tədris standartlarına və proqramlarına uyğunluğunu yoxlayır, tətbiq olunan təlim strategiyalarının müvafiq tədris proqramlarında nəzərdə tutulan strategiyalara müvafiqliyinə nəzarət edir.


Təhsil standartları və proqramları şöbəsi kurikulumları yeniləyərkən PISA, TIMSS, PIRLS kimi beynəlxalq təhsil tədqiqatlarında aparıcı yerləri tutan ölkələrin təcrübəsini araşdırır, dünyada tanınmış nəşriyyat şirkətləri ilə yerli kurikulum mütəxəssislərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. Təhsil standartları və proqramları şöbəsi yeni dərslik komplektlərinin yaradılması, o cümlədən onları tətbiq edəcək müəllimlərin peşəkar təkmilləşdirmə proqramlarının hazırlanmasında da söz sahibidir.