2017-ci il Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi
İyulun 7-də Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, millət vəkilləri, Təhsil İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə qurumlarının əməkdaşları, Respublika fənn müsabiqəsinin, beynəlxalq olimpiadaların qalibləri, təhsil ekspertləri iştirak edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Nazir müavini Respublika fənn müsabiqələrinin şagirdlərin beynəlxalq olimpiadalarda daha uğurlu nəticələr əldə etmələri baxımından əhəmiyyətini vurğulayıb. Nazir müavini həmçinin, təhsilin inkişafı istiqamətində görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışıb.
Digər natiqlər də öz çıxışlarında gələcəkdə dünya səviyyəli mütəxəssislərin yetişməsində bu cür müsabiqələrin rolunu diqqətə çatdırıblar.
Tədbirin sonunda qaliblərə mükafatlar təqdim edilib.
Mart ayından başlayan fənn müsabiqələri riyaziyyat fənni üzrə 6-cı sinif, fizika, kimya, biologiya, informatika fənləri üzrə isə 7-ci sinif şagirdləri arasında 2 mərhələdən ibarət olmaqla keçirilib.
Müsabiqənin birinci mərhələsində respublikamızın bütün bölgələrindən 14000 nəfərə yaxın şagird iştirak edib. Müsabiqələrdə məktəblilərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt verilib.
Müsabiqənin qaydalarına müvafiq olaraq ikinci mərhədə iştirakçılar həm fərdi, həm də komanda hesabında yarışıb və buna uyğun olaraq nəticələr elan olunub. İkinci mərhələdə Bakı şəhəri 12, Sumqayıt şəhəri 3, Mingəçevir və Şirvan şəhərləri 2, digər şəhər və rayonlar 1 komanda ilə təmsil olunub.
Ümumilikdə ikinci mərhələyə 1400 nəfərə yaxın şagird qatılıb. Nəticələrə uyğun olaraq 16 komanda və 110 şagird qalib elan olunub.