04.05.2021

Məktəblilər arasında ilk dəfə "Makerthon 2021" yarışı keçiriləcək

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən başladılan və Təhsil İnstitutu tərəfindən icra olunan “STEAM Azerbaijan” layihəsi çərçivəsində Meykerton (ing. Makerthon) - meykerlərin (istehsalçıların) komandalarla birləşərək müxtəlif problemləri həll edəcəyi, layihələr hazırlayacağı və yarışacaqları tədbirlər silsiləsi həyata keçiriləcək. Meykerton (ing. Makerthon) sözünün mənşəyi ingiliscə "maker" və "marathon" sözləri ilə bağlıdır və "meykerlərin marafonu" mənasını ifadə edir.

Meykertonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif ideyaların, yeni innovativ həllərin və alətlərin yaradılması, həmçinin rəqabət şəraitində biliklərin yoxlanılması və yeni biliklərin qazanılması, əməkdaşlıq üçün şərait yaradılmasıdır.

Qeyd edək ki, “STEAM Azərbaycan” layihəsi çərçivəsində Meykerton məktəblilər arasında ilk dəfə keçirilir. Müsabiqədə STEAM layihəsi tətbiq olunan məktəblərin 6-cı və 7-ci sinif şagirdləri iştirak edə bilər.

“Makerthon 2021” yarışmasına qoşulmaq üçün şərtlər aşağıdakılardır:

  1. Yarışa komanda şəklində qoşulmaq lazımdır. Komanda 3-4 nəfərdən ibarət olmalıdır: 1 müəllim (Rəhbər) və 2-3 şagird
  2. Eyni şagird və eyni müəllim müxtəlif layihələrlə bir neçə komandaya qoşula bilməz. Yalnız bir komanda tərkibində iştirak edə bilərlər.
  3. Komandalar sərbəst mövzuda layihə hazırlayıb, 25 may 2021-ci il tarixinə qədər steam.edu.az@gmail.com ünvanına göndərməlidirlər.
  4. Layihələr Video  və Power Point  təqdimat şəklində göndərilməlidir. Video təqdimat maksimum 3 dəqiqə olmalıdır.
  5. Seçilən komandalar 1 iyun 2021-ci il tarixində final mərhələsində canlı şəkildə (pandemiya şərtlərinə uyğun olaraq) layihələrini təqdim edəcəklər.
  6. Layihədə istifadə olunacaq materiallarla və digər suallarla bağlı video təlimat göndəriləcək.
  7. Yarış zamanı hazırlanan layihələrin yarışma başa çatmadan sosial şəbəkələrdə paylaşılması və ya digər yarışlarda iştirak üçün göndərilməsi qadağandır.
  8. Göndərilən layihələr final mərhələsinə növbəti kriteriyalar üzrə seçiləcək: orijinallıq (komanda tərəfindən hazırlansın), ideya, təqdimat bacarıqları. Seçilən komandalar 28 may 2021-ci il tarixində elan olunacaqlar.
  9. Final günü komandalar veriləcək mövzulara aid yeni layihə hazırlayacaqlar. Layihənin hazırlanmasına 3 saat vaxt veriləcək.
  10. Hazırlanan layihələrin (ikinci layihələrin) təqdimatı həmin gün baş tutacaq. Münsiflər heyəti tərəfindən (müəyyən edilmiş kriteriyalar üzrə) qaliblər təyin olunacaq.

Qaliblərin mükafatlandırılması:

1-ci yer: Böyük Elektrik Mühəndislik dəsti (680) + Arduino Robot dəsti + Özəl hədiyyə

2-ci yer: Orta Elektrik Mühəndislik dəsti + Mikrobit Robot dəsti

3-cü yer: Kiçik Elektrik Mühəndislik dəsti + 3D qələm

Həvəsləndirici yerlər:

4-cü yer: STEAM layihəsindən özəl hədiyyə

5-ci yer: STEAM layihəsindən özəl hədiyyə

Nəzərinizə çatdıraq ki, yarışda iştirak edən bütün komandalara sertifikatlar təqdim olunacaq.

Yarışın münsiflər heyətində “STEAM Azərbaycan” komandası, Azərbaycan Respublikasının Təhsil İnstitutu, texnologiyalar üzrə mütəxəssislər, Təhsil TV və Technote Media təmsil olunacaq.