Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri
Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir. Növbəti vebinar 16 iyul 2021-ci il, saat 19:00-da “Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində “Mott MacDonald” şirkətində inşaat mühəndisi kimi çalışan Arzu İmanlı çıxış edəcək. “2007-2015 Dövlət Proqramı”nın məzunu olan Arzu İmanlı 2018-ci ildə “University College London”un İnşaat mühəndisliyi fakültəsinin bakalavriat dərəcəsini bitirib. Daha sonra eyni fakültədə magistratura təhsili alıb.
2017-2018-ci illərdə “Skanska” tikinti şirkətində 3 aylıq yay təcrübəsi keçib. Bu şirkətdəki yüksək nailiyyətlərinə görə “İlin təcrübəçisi” seçilib və təqaüd qazanıb. 2019-cu ildə magistratura təhsilini bitirdikdən sonra “Mott MacDonald” tikinti şirkətində inşaat mühəndisi kimi karyerasına davam edib. Hal-hazırda şirkətin ən böyük 3 layihəsində əsas infrastruktur mühəndisi kimi çalışır.
Vebinarın keçirilməsində əsas məqsəd İnşaat mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində İnşaat mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir. Vebinar ikili diplom proqramı çərçivəsində İnşaat mühəndisliyi ixtisasının təşviqatı üçün nəzərdə tutulub.
Vebinar Bakı Mühəndislik Universitetinin “Facebook” səhifəsi (https://www.facebook.com/beu.edu.az) üzərindən canlı yayımlanacaq.