27.10.2017

"İstedad sorağında" layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib

Oktyabrın 27-də Qaxda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “İstedad sorağında” layihəsi çərçivəsində valideynlərlə görüş keçirilib.

“İstedad sorağında” layihəsi çərçivəsində seçilmiş şagirdlərin valideynləri ilə keçirilən görüş Qax şəhər 4 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə ilk öncə valideynlərlə “Mən övladımı nə dərəcədə tanıyıram” mövzusunda anket sorğusu keçirilib. Sorğunun nəticələri psixoloq tərəfindən təhlil edilib. Valideynlərlə siz uşaq tərbiyəsində kifayət qədər səbirli və inadkarsınızmı, övladınızı sevgi ilə tərbiyə edirsinizmi, uşaq psixikasından anlaya bilirsinizmi və s. mövzularda  söhbət   dəyirmi masa ətrafında davam etdirilib. Daha sonra psixoloq “Uşaqlara hörmət edin ki, hörmət görəsiniz” mövzusunda məruzə edib. Məruzədən sonra valideynləri maraqlandıran suallar cavablandırılıb.

“İstedad sorağında” layihəsinin əsas məqsədi Qax rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin kimya və biologiya fənləri üzrə fənn olimpiadalarında və digər respublika müsabiqələrində uğurlu iştirakçılarının say etibarilə çoxaldılmasına nail olmaq, istedadı olan uşaqların üzə çıxarılmasına və onlarda vacib kompetensiyaların inkişafına  təkan verməkdən ibarətdir.

Qax rayonu İlisu kənd tam orta məktəbinin müəllimi Günay Mahmudovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.