"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına sayılı günlər qalıb
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.
Sözügedən konfransın gündəliyində “Distant təhsildə uğurlu dünya təcrübəsi və onun Azərbaycanda mümkün tətbiq perspektivləri” adlı panel müzakirəsi yer alacaq. Panel müzakirəsi zamanı spikerlər tərəfindən distant təhsildə son zamanlar əldə olunmuş dünya təcrübəsi və mövcud uğurlu təcrübələrin ölkəmizin təhsil sisteminə inteqrasiya olunması mövzusunda təqdimat ediləcək və müzakirələr aparılacaq.
Panel müzakirəsinin spikerləri “edX” öyrənmə platformasının qlobal biznesin inkişafı üzrə direktoru John Schwartz və Çankaya Universitetinin Elm və Ədəbiyyat fakültəsinin dekanı Buket Akkoyunlu olacaq.
Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq.
Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.
Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa
Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.