"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransına sayılı günlər qalıb
ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına sayılı günlər qalıb.
Sözügedən konfransın gündəliyində “Ənənəvi təhsildən distant təhsilə keçid: Azərbaycan Dövlət İqtisad Universitetinin təcrübəsi” sessiyası da yer alacaq. Sessiya zamanı ADİU-nun Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov ADİU-da son illərdə distant təhsil ilə bağlı görülən işlər, ən yaxşı təcrübələr, əldə olunmuş nailiyyətlər, yeniliklər, EDUMAN öyrənmə platforması və universitetin distant təhsillə bağlı gələcək planları haqqında çıxış edəcək, mövcud sualları cavablandıracaq və öz tövsiyələrini verəcək.
Raqif Qasımov 2008-ci ildən ADİU-da müxtəlif vəzifələrdə fəaliyyət göstərir və 2021-ci ilin avqustunda ADİU-nun Rəqəmsallaşma üzrə prorektoru təyin edilib.
Xatırlatmaq istəyirik ki, sözügedən konfrans 29 noyabr 2021-ci il tarixində onlayn formatda Zoom platforması vasitəsilə baş tutacaq.
Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyinin, pedaqoji və inzibati heyətin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub.
Konfransda iştirak etmək üçün aşağıdakı keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/GhdeCfPBYa
Qeydiyyat üçün son tarix 25 noyabrdır. Qeydiyyatdan keçənlərə növbəti həftə ərzində konfransın detalları və Zoom keçid linkləri elektron poçt vasitəsilə göndəriləcək.