Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün təlimlər yekunlaşıb
ARTİ tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olub.
Təlimlərdə təlimçi qismində Leyla Sultanlı, Qoşqar Məhərrəmov və Rza Məmmədov çıxış ediblər.
Leyla Sultanlı bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, magistratura təhsilini isə Türkiyənin Hacettepe Universitetində alıb. Hal-hazırda İstanbul Universitetinin “Menecment” ixtisası üzrə doktorantıdır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimidir, Türk Dünyası İqtisad Fakültəsində pedaqoji fəaliyyət göstərir. Leyla Sultanlı, həmçinin ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. KOBİA-da və bir sıra yerli şirkətlərdə təlimlər keçib. O, “Menecmentin əsasları” dərs vəsaitinin həmmüəllifidir.
Qoşqar Məhərrəmov bakalavr təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetində Biologiya ixtisası üzrə tamamladıqdan sonra Təhsilin idarə olunması üzrə Eskişehir Osmangazi Universitetində magistratura və doktorantura təhsili alıb. O, Ankara Universitetində Təhsilin fəlsəfəsi üzrə ikinci dəfə magistratura dərslərini tamamlayıb. Azərbaycanda müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində tədrislə və tədqiqatla məşğul olub. Hazırda Bakı Ali Neft Məktəbinin və Azərbaycan Britaniya Kollecinin müəllimi, "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi vəzifəsində çalışır. O, həmçinin, Təhsil İdarəçiləri Assosiasiyasını təsis edib, yerli və xarici jurnallarda elmi məqalələrin müəllifi olub.
Rza Məmmədov Anadolu Universitetində İqtisadiyyat üzrə bakalavr təhsil alıb. Daha sonra Naxçıvan Dövlət Universitetində Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsilini, Eskişehir Osmangazi Universitetində Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə doktorantura təhsilini bitirib. Bir çox beynəlxalq jurnallarda məqalələri yer alıb. Hal-hazırda Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.
Yekunda 10 nəfər təlimlərdə müvəffəqiyyətlə iştirakına görə sertifikat qazanıb. ARTİ tərəfindən təlimlərin 2022-ci ildə yenidən təşkil olunması gözlənilir.