29.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı start götürüb

29 noyabr tarixində ARTİ-nin təşkilatçılığı, ADA Universitetinin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tərəfdaşlığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransı start götürüb.

Konfransın açılış sessiyasında Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, ARTİ-nin direktoru Rüfət Əzizov, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal və “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov çıxış ediblər.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderator olduğu açılış sessiyasında təhsil naziri Emin Əmrullayev konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzu edib. E.Əmrullayev bildirib ki, distant təhsilin tətbiqi nəzəriyyədən praktikaya keçəndə ortaya müəyyən məsələlər və çətinliklər çıxıb. Azərbaycanda bu problemlərin dərhal həll olunması və operativ şəkildə distant təhsilə keçidin təşkil edilməsi istiqamətində bir sıra uğurlu işlər görülüb. Nazir qeyd edib ki, pandemiya zamanı təhsilin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət parametlərinin müəyyən olunması, məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb edilməsi, onların sosial-emosional inkişafının təmin olunması və təhsilin təşkili baxımından qarşıda duran hədəflərin reallaşdırılması olduqca mühüm əhəmiyyət kəsb edir.

Daha sonra söz ARTİ-nin direktoru Rüfət Əzizova verilib. R.Əzizov pandemiya dövrünün gətirdiyi ən mühüm dəyişikliklərdən birinin təhsil sisteminə aid olduğunu qeyd edib. O, öncə ənənəvi təhsildən distant təhsilə keçid, müəyyən dövrlədə isə hibrid təhsilin təşkili barədə danışıb. Qeyd edib ki, daha öncə şagirdin öyrənməsi üçün məzmun, müəllim və qiymətləndirmə komponentlərindən danışırdıqsa, artıq 4-cü komponent olan texnologiya da bu siyahıya əlavə olunub. Bu komponentin əlavə olunması özü ilə proseslərə yeni tərəfdaşların cəlb edilməsini də zəruri edib.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal çıxışında təhsil sahəsində böyük bir tarixi dəyişiklik yaşandığını qeyd edərək “4-cü Sənaye İnqilabı dövründə təhsil” modelinin formalaşdığını vurğulayıb. Distant təhsilə keçidlə bağlı əldə edilən nailiyyətlər və çağırışlardan bəhs edən Dr. Kazdal bu təhsil metodunun təhsildə keyfiyyətin, səmərəliliyin artırılması üçün effektiv vasitə olduğunu bildirib.

Sonda “T-Network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov çıxış edib. Q.Məhərrəmov ölkəmizdə pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən distant təhsil layihələrinin, elektron platformaların, distant dərslərin uğurlu icrasından danışıb.

350-dən çox iştirakçının qatıldığı konfrans gün ərzində panel müzakirələri ilə davam edəcək.