27.10.2017

Gəncədə "Sağlam məktəb – sağlam cəmiyyət" layihəsinin icrasına başlanılıb

27 oktyabrda Gəncədə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Sağlam məktəb – sağlam cəmiyyət“ layihəsinin açılış mərəsimi baş tutub.

Gəncə Şəhər Təhsil İdarəsində baş tutan açılış mərasimində Təhsil İdarəsinin əməkdaşları, şəhər üzrə məktəb rəhbərlikləri və psixoloqları, əməkdaş təşkilat olan Loqos Psixologiya və Nitq İnkişaf Mərkəzinin (PNİM) nümayəndələri, şagirdlər və maraqlı valideynlər iştirak ediblər. Tədbirdə layihə haqqında iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Gəncə şəhəri 37 nömrəli tam orta məktəbi əhatə etməsi nəzərdə tutulan layihənin əsas məqsədi məktəb psixoloqunun peşəkar bacarıqlarının artırılması yolu ilə  hədəf qruplar olan 30 müəllim, 100 şagird və 30 valideynə müasir psixoloji xidmətlər üzrə sessiyaların və əlavə dəstəkləyici fəaliyyətlərin təşkil olunması vasitəsilə məktəb və ailələr arasında psixoloji işin adekvat aparılması prosesinə töhfə verməkdir.

Hazırda layihədə nəzərdə tutulduğu kimi məktəb psixoloqu Loqos Psixologiya və Nitq İnkişaf Mərkəzində təkmilləşmə kursundan keçir. Paralel olaraq layihənin hədəf qruplarının müəyyənləşdirilməsi üçün seçim prosesi gedir.

Qeyd edək ki, layihə çərçivəsində məktəbin psixoloqu üçün xüsusi hazırlanmış təlim paketi əsasında Loqos PNİM-də 1 ay müddətində 8 sessiyadan ibarət intensiv təlim kursunun keçirilməsi nəzərdə tutulub.

Məktəblərdə psixoloji işin təşkili əsasən  4 istiqamətdə - profilaktika, konsultativ, diaqnostika və korreksiya işi üzrə aparılmalı olduğu üçün təşkil olunacaq təlimlər də əsasən bu istiqamətlər üzrə yeni bilik və məlumatları əhatə edəcək.

Noyabr ayının əvvəlindən etibarən məktəb psixoloqu Loqos PNİM-də kursu bitirdikdən sonra 37 nömrəli tam orta məktəbdə layihədə nəzərdə tutulan aşağıdakı təlim və konsultasiya işlərinə start veriləcək:

  • Konsultasiya prosesi və konsultasiya qaydaları;
  • Uşaq inkişaf dövrləri;
  • Davranış pozuntuları, səbəbləri, həlli yolları;
  • Valideyn uşaq münasibətləri;
  • Yeniyetmə dövrünün sosial psixoloji problemləri;
  • İxtisasyönləndirmə və üstün zəkalı uşaqlarla iş;
  • Çətin tərbiyə olunan uşaqlarla iş və zərərli vərdişlər;
  • Cinsi maarifləndirmə və zorakılığın əlamətləri

Samirə İbrahimovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.