08.12.2021

ARTİ təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirir

ARTİ ümumtəhsil üçün təhsil proqramlarının (kurikulumların) təkmilləşdirilməsi prosesini davam etdirir. Hazırda yerli mütəxəssislər sinqapurlu konsultantların təklif və tövsiyələri ilə V və VI siniflər üçün təbiət fənninin kurikulumunu hazırlayırlar. Bundan əlavə, eyni əməkdaşlıq çərçivəsində I-IV siniflər üçün "Həyat bilgisi" fənninin, VII-XI siniflər üçün kimya, biologiya və fizika fənlərinin kurikulumları təkmilləşdirilir.

ARTİ-nin I-XI sinif riyaziyyat fənn kurikulumunun təkmilləşdirilməsi istiqamətində Sinqapurun Marşal Kavendiş İnstitutu ilə əməkdaşlığı davam edir. Hazırda yerli mütəxəssislər Marşal Kavendiş İnstitutunun mövcud kurikulum və dərslik komplektlərinin təhlili haqqında təqdim etdiyi hesabata uyğun təklif və tövsiyələri nəzərə alaraq, ümumtəhsil məktəbləri üçün riyaziyyat fənninin kurikulumunun təkmilləşdirilməsinə başlayıblar. Proses zamanı sözügedən Marşal Kavendiş İnstitutunun mütəxəssislərinin konsultasiyalarına da müraciət edilir.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təmayül istiqamətləri üzrə profil fənn kurikulumlarının hazırlanması prosesi yekunlaşmaqdadır. Müvafiq istiqamətdə 8 profil fənni - Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, biologiya, kimya, fizika, coğrafiya üzrə  hazırlanan kurikulumlar tam orta təhsil pilləsinin təmayüllü siniflərində tətbiq olunacaq.