"Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin II mərhələsi başlayıb
ARTİ Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin II mərhələsinin icrasına başlayıb. Sözügedən layihə Norveçin Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin davam etdirilməsində əsas məqsəd həm Azərbaycanın keçmiş cəbhəyanı bölgələrində hərbi münaqişədən təsirlənmiş uşaq və yeniyetmələrə məktəbəsaslı psixososial dəstək göstərmək, onların sosial və emosional bacarıqlarını gücləndirmək, həm də cari ilin I yarısında həyata keçirilən eyni adlı layihənin I mərhələsinin təsirini ölçməkdir.
Layihə çərçivəsində məsafədən tədris strategiyalarından istifadə edərək məktəb müəllimləri və məktəb psixoloqları üçün fövqəladə şəraitdə uşaqlara əsas psixoloji dəstəyin göstərilməsinə dair müvafiq təlimlər keçiriləcək. Eyni zamanda, məktəbəsaslı psixososial dəstək proqramının təsiri araşdırılacaq. Layihə 2022-ci ilin aprel ayınadək davam edəcək.