"Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı" adlı layihə çərçivəsində təlimlər başlayıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) arasında imzalanmış “Partlayıcı Sursatların Təhlükəsi barədə Ailə və Uşaqların Maarifləndirilməsinə dair 2021-2022-ci illər üçün Birgə Fəaliyyət Planı”na əsasən Avropa İttifaqının humanitar maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilən “Müəllimlər üçün Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) üzrə təlim proqramı” adlı layihə çərçivəsində müəllimlərin təlimləndirilməsi həyata keçirilir.
Layihə çərçivəsində 22 noyabr tarixindən etibarən 11 dekabr tarixinə qədər Ağdam, Ağcabədi, Goranboy və Daşkəsən rayonları üzrə ümumilikdə 362 nəfərdən ibarət müəllim heyəti onlayn formatda təlimlərə cəlb edilib. Təlimdən bir gün əvvəl onlayn görüş keçirilib və müəllimlərə təlimin məqsədi, prosesi və gözlənilən nəticələri, eləcə də mina sahələri ilə əlaqədar təlimdən sonrakı tədris fəaliyyətləri və bu fəaliyyətlər əsasında qoyulan məqsədlər haqqında məlumat verilib. 12 akademik saatlıq təlimlər zamanı müəllimlər həm nəzəri biliklər əldə edib, həm də şagirdlərin daha yaxşı maarifləndirilməsi üçün praktik tapşırıqlarla tanış olublar. Eyni zamanda, təlimlərin sonunda müəllimlər tərəfindən demo dərsi üçün təlim planı hazırlanıb.
Qeyd edək ki, layihənin məqsədinə uyğun olaraq, təlimlərin Ağdam, Tərtər, Füzuli, Goranboy, Xocavənd, Ağcabədi, Beyləqan, Göygöl, Daşkəsən, Bərdə, həmçinin digər rayonlardakı məcburi köçkün uşaqların ümumtəhsil müəssisələrinin müəllimlərinə keçirilməsi nəzərdə tutulub.