14.01.2022

ARTİ-nin rəhbərliyi ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları və bir neçə məktəb rəhbərliyi arasında görüş keçirilib

ARTİ-nin rəhbərliyi ilə Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşları və bir neçə məktəb rəhbərliyi arasında 14 yanvar, 2022-ci il tarixində görüş keçirilib.

Görüşün keçirilməsində əsas məqsəd Təhsildə Keyfiyyət Təminat Agentliyi tərəfindən qeyd edilən məktəblərdə aparılan inspeksiyanın nəticələrinə uyğun olaraq üzə çıxmış çatışmazlıqların həlli yolunda birgə əməkdaşlıq etməkdir. Məktəblərdə göstəriləcək metodik dəstək fəaliyyəti üzrə Məktəbin İnkişaf Planı (MİP) hazırlanacaq. Planda məktəbin mövcud vəziyyəti, inkişaf strategiyası, hədəflər və nəticə indikatoru öz əksini tapacaq. Bununla bərabər hər bir məktəbin pedaqoji heyətinin metodik ehtiyacları müəyyənləşdiriləcək və bu ehtiyaclar əsasında ARTİ tərəfindən dəstək təmin ediləcək.

ARTİ-nin direktoru Rüfət Əzizov görüşdə çıxış edərək məktəblərdə aparılan inspeksiyanın məktəblərin inkişaf tendensiyasını izləmək baxımından əhəmiyyətli addım olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, fəaliyyətlər toplusu məktəbin inkişaf planını ortaya çıxarır və bu prosesdə iki komanda formalaşır: inkişaf planını yerinə yetirən komanda və tətbiqə nəzarət edən komanda. R. Əzizov son olaraq məktəbin mövcud vəziyyətinin (qeyri-kafi, kafi, yaxşı və s.) müəyyən edilməsində təqdimata ehtiyac olduğunu və bu məsələnin birbaşa cavabdehlik daşıyan şəxs tərəfindən həyata keçirilməli olduğunu bildirib.

Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edib. İştirak edən məktəblər sırasında 38, 154, 75, 227, 301 №-li tam orta məktəblər yer alıb.

Qeyd edək ki, metodik dəstəyin təşkilində ARTİ Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq edir.