"Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində yazılı psixoloji sorğu keçirilib
Oktyabrın 26-da “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində yazılı psixoloji sorğu keçirilib.
Yazılı psixoloji sorğu İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə abituriyentlərin təşviş və həyəcanının ilkin diaqnostikasının təyin edilməsi məqsədi ilə layihə rəhbəri P.Piriyeva və məktəbin psixoloqu Mehriban Quliyeva tərəfindən 11-ci sinif şagirdləri ilə keçirilib.
Layihə icraçıları hesab edir ki, Respublikamızda təhsil sahəsində aktual mövzulardan biri olan imtahanqabağı stress, qayğılar, depressiya, yorğunluq və gərginlik abituriyentlərin üzləşdiyi əsas problemlərdən biridir. Hər il orta məktəb məzunlarının təxminən 70 faizi (abituriyent) ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün imtahan verir. Bu zaman abituriyentlərin "ailə içindəki məsuliyyəti" daha çox artır. Onlar imtahanı necə verəcəkləri haqqında deyil, ailədə valideyinlər və məktəbdə müəllimlər tərəfindən nəticələrin necə qarşılanacağı haqqında daha çox düşünürlər və bu da abituriyentlərin imtahanda göstərdiyi nəticələrə öz mənfi təsirini göstərir. Bəzi abituriyentlər imtahanı həyatlarının həlledici mərhələsi sayırlar və ali məktəbə qəbul ola bilməmək qorxusu onların psixoloji durumunda dominantlıq (üstünlük) təşkil edir. Bu məqsədlə aparılan diaqnostik sorğunun nəticələrinə əsasən abituriyentlərin həyəcan və təşviş səviyyəsi psixoloq tərəfindən yoxlanılıb təyin edildikdən sonra şagirdlər təlimlərə cəlb olunacaqlar.
Layihəyə uyğun olaraq oktyabr ayının 28-də ilk təlimin keçirilməsi nəzərdə tutulub.
Fərdi kateqoriyada Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.