ARTİ BDU-nun "SABAH Magistratura" tələbələri üçün vebinar təşkil edib
ARTİ tərəfindən Bakı Dövlət Universitetinin “SABAH Magistratura” proqramında təhsil alan tələbələr üçün “Elektron hökumət quruculuğunda texniki layihələrin idarə olunması” mövzusunda vebinar təşkil olunub. Tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində baş tutan vebinarın spikeri Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı olub. İnteraktiv şəkildə keçən onlayn tədbirdə iştirakçılara layihələrin idarə olunmasının tarixi, modelləri, layihə rəhbərlərinin vəzifələri, layihələrə nümunələr kimi nəzəri və praktiki məlumatlar təqdim olunub.
Tələbələrin “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə təhsil aldığını nəzərə alaraq, spiker xüsusilə texniki layihələrin idarə olunmasının uğurlu yollarından və EHİM-də tətbiq olunan layihə idarəetmə sistemindən bəhs edib.
Daha sonra, Aynur Qurbanlı EHİM tərəfindən icra olunan müxtəlif layihələr haqqında tələbələrə geniş məlumat verib.
Qeyd edək ki, ARTİ Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasına və tələbələrin dərsdənkənar fəaliyyətlərinin təşkilinə məsuldur.