"Əsas sosial-emosional bacarıqların inkişafı" proqramı üzrə təlimlərə başlanılıb
ARTİ BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra etdiyi “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində məktəb müəllimlərinin "Əsas sosial-emosional bacarıqların inkişafı" proqramı üzrə təlimlərinə başlayıb. Layihə Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Təlimlərin keçirilməsində məqsəd münaqişədən təsirlənmiş ümumi təhsil müəssisələrinin müəllimlərini uşaq və yeniyetmələrə münaqişədən sonrakı şəraitdə stres və narahatlıqla daha yaxşı mübarizə aparmaq, təməl və praktik psixoloji dəstək vermək, şagirdlərdə şəxsiyyətdaxili və şəxsiyyətlərarası emosional bacarıqları inkişaf etdirmək, dəstəkləyici sinif mühiti yaratmaq kimi sahələrdə yeni biliklərə yiyələndirməkdir. İlk öncə hədəf qrupun ehtiyaclarına əsasən təlim proqramı təkmilləşdirilib və təlimçi qrupunun hazırlanması məqsədilə seçilmiş namizədlərə təlim keçirilib.
Cari ilin yanvar ayından etibarən məktəb müəllimləri üçün eyni proqram əsasında Microsoft Teams platforması üzərindən onlayn formatda 18 akademik saatlıq təlimlərin təşkil olunmasına başlanılıb. İlkin mərhələdə təlimlərdə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonları, Naftalan və Gəncə şəhərlərində ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 500-dən çox müəllim iştirak edib. Layihə çərçivəsində şagirdlərin sosial-emosional bacarıqlarının inkişafına dəstək olmaq, onların psixoloji rifahını yaxşılaşdırmaq, stresin mənfi təsirlərini azaltmaq və pozitiv şagird-müəllim münasibətlərini təkmilləşdirmək hədəflənir.
Qeyd edək ki, aprel ayının sonuna qədər 2000 müəllimin təlimə cəlb olunması nəzərdə tutulub.