09.02.2022

Tələbələrin "Qış düşərgəsi" davam edir

ARTİ-nin təşkilatçılığı ilə həyata keçirilən tələbələrin "Qış düşərgəsi" davam edir.

Düşərgənin 2-ci günündə ADA Universitetinin professoru Yaqub Əliyev tələbələrlə görüşündə xüsusi metodik qabiliyyətləri ilə “Niyə Riyaziyyat?”, “Cəbr yoxsa Həndəsə” kimi təlimləri və “GeoGebra ilə Riyaziyyat”, “TeX-də Riyaziyyat məqaləsi yazmaq”, “Riyaziyyatçılar niyə Maple proqramını istifadə edir” mövzusundakı təqdimatları ilə tələbələrin riyazi bilik və bacarıqlarının artırılmasına müvəffəq olub. Təlimin sonunda tələbələr arasında yekun qiymətləndirmə keçirən Yaqub Əliyev nəticələri təhlil edərək tələbələrlə maraqlı müzakirələr həyata keçirib.

Düşərgənin digər günlərində Nömrə 1 tədris mərkəzinin müəllimi, metodist Adil Abdullayev “Funksional tənliklər”, “Koşi funksional tənlikləri” mövzusunda təlimlərlə çıxış edərək, riyazi analizlərə dair müxtəlif brain storminglər həyata keçirib.

Düşərgədə qonağımız olan Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi Bəhman Qüdsi (Məmmədov) “Məşhur bərabərsizliklər, Koşi Şvars Bünyakovski bərabərsizlikləri və onların tətbiqləri” dərsini və “Kreativ və lider tələbə necə olmalıdır?”, “Sıfra bölmək niyə olmaz?”, “Sonsuzluq nəzəriyyəsi” mövzusundakı təlimləri, kreativlik və ehtimal oyunları ilə tələbələrin marağını qazanıb. 

Bundan əlavə, müxtəlif təlimlər və təqdimatlarla yanaşı tələbələrin asudə vaxtlarının səmərəli təşkili və dəyərləndirilməsi üçün nəzərdə tutulmuş proqramlar: intellektual və stolüstü oyunlar, aktiv müzakirələr və diskussiyalar, müxtəlif qrup işləri ilə düşərgəmiz həm öyrədici, inkişafetdirici, həm də əyləncəli mühitə çevrilir. 


Qeyd edək ki, 5 fevral tarixində başlayan "Qış düşərgəsi" ("Winter bootcamp") 13 fevral 2022-ci il tarixinə kimi Quba rayonunda təşkil ediləcək.