"Refleksiv müəllim" seminarı keçirilir
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarının 10 fevral 2022-ci il tarixində növbəti görüşü keçirilib. Budəfəki seminar kimya fənnini tədris edən müəllimlər üçün nəzərdə tutulub.
İştirakçılara S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının kimya müəllimi Alırzalı Mətanətin təqdimatı əsasında 7-ci sinif kimya dərsliyində olan “Məhlullar” mövzusu üzrə dərs icmalı təqdim edilib. Layihənin məqsədinə uyğun olaraq müəllimlər əvvəlcə icmalı müzakirə ediblər, daha sonra ardıcıl olaraq dərslə bağlı sual, qeyd və təkliflərini bildiriblər. Yekunda isə birgə fikir mübadiləsi aparmaqla dərsin daha səmərəli, uğurlu icmalı hazırlanıb.
Nəzərinizə çatdıraq ki, daha təkmil formada hazırlanan dərs icmalları müxtəlif fənn müəllimlərinin yararlanması üçün müvafiq platformalarda yerləşdirilir.
Onu da qeyd edək ki, ayda 2 dəfə olmaqla onlayn şəkildə keçirilən “Refleksiv müəllim” seminarının məqsədi müəllimlərdə pedaqoji refleksiya bacarıqlarını formalaşdırmaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirmək, ümumilikdə, dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı onlara dəstək olmaqdır.