29.10.2017

"Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti" layihəsi çərçivəsində işlər davam edir

 “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Tədrisin keyfiyyətinin yüksəldilməsində məktəblərarası əməkdaşlığın əhəmiyyəti” layihəsi çərçivəsində işlər davam edir.

Bakı şəhəri  N.Babyev adına 144 №-li tam orta məktəbə aid layihənin əsas məqsədi məktəblərarası əməkdaşlıq çərçivəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.  Layihənin icrası zamanı qarşıya qoyulan məqədlər bunlardır:

  • Qabaqcıl məktəblərin iş təcrübəsini öyrənmək və tətbiq etmək;
  • Məktəblərin və müəllimlərin təcrübə mübadiləsini təşkil etmək;
  • Metodik işin təşkilini təkmilləşdirmək;
  • Monitorinq və qiymətləndirmə üzrə yeni yanaşmaları əməkdaşlıq nəticəsində öyrənmək və tətbiq etmək;
  • Qabaqcıl iş təcrübəsinə malik müəllimlərin ustad dərslərini təşkil etmək;
  • Layihəyə cəlb edilmiş məktəblərin istedadlı şagirdlərini aşkara çıxarmaq və onların istedadları çərçivəsində fəaliyyətlərini nizamlamaq;
  • Şagirdlərin təlim nəticələrini,  bilik və bacarıqlarını inkişaf etdirmək;
  • Məktəblərdə sağlam rəqabət mühitinin formalaşmasına nail olmaq;
  • Pedaqoji kollektivlərdə birgə əməkdaşlığa marağı gücləndirmək;
  • Müəllimlərdə təşəbbüsləri,  yenilikləri qiymətləndirməyi bacaran,  nəzəri,  praktiki biliklərə yiyələnən,  müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadr olmaq düşüncəsi formalaşdırmaq.
  • Məktəbin ölkədaxili və beynəlxalq əlaqələrinin inkişafına nail olmaq.

Artıq layihə çərçivəsində qrafik üzrə  ilk öncə  işçi heyət müəyyən edilib, əməkdaşlıq ediləcək məktəblərin rəhbərlərinin iştirakı ilə dəyirmi masa təşkil edilərək birlikdə layihə çərçivəsində görülməsi nəzərdə tutulan  işlərin əks olunduğu Fəaliyyət planı hazırlanıb. Müasir dövrün tələblərinə uyğun olaraq, mobil əlaqə vasitələrindən istifadə edərək “Əməkdaş Məktəblər qrupu” yaradılıb ki,  bu qrup vasitəsilə daha çevik,  sürətli informasiya mübadilləsi həyata keçiriləcəkdir. Layihənin icrası başa çatdıqdan sonra da mobil əlaqə qrupunun öz fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. 

Metodik sahədə əməkdaşlıq məqsədilə oktyabrın 24-də əməkdaşlıq ediləcək məktəblərin metodik işin təşkili sahəsində səmərəli iş təcrübəsi öyrənilərək layihə iştirakçıları olan digər məktəblərə tətbiq edilməsi məqsədilə görüş təşkil edilib. 

Gələcəkdə layihə çərçivəsində əməkdaşlıq edən məktəblərin müəllimlərinin ayrı-ayrı fənlər üzrə qarşılıqlı dərs dinləmələrinin təşkil edilməsi və dərsin planlaşdırmasından  tutmuş qiymətləndirmə vasitələrinin necə hazırlanmasına qədər,  müəllimlərin üzləşdikləri çətinliklərin aradan qaldırılması məqsədilə qabaqcıl iş təcrübəsinə malik məktəblərdə çalışan pedaqoji işçilərin ustad dərslərinin təşkil edilməsi nəzərdə tutulub. Bundan başqa layihə çərçivəsində əməkdaşlıq edəcək məktəblərin şagirdlərinin bilik və bacarıqlarının,  intelektual səviyyələrinin inkişafı,  sağlam rəqabət ruhunda tərbiyəsi,  yaradıcılıq sahəsində xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılması məqsədilə məktəblərarası yaradıcılıq müsabiqələri təşkili və layihənin qarçıya qoyduğu vəzifələrdən irəli gələn digər bir çox işlərin görülməsi də nəzərdə tutlan işlər arasındadır.

Layihə çərçivəsində Şəhəri üzrə Təhsil İdarəsi,  Təlimə Dəstək Mərkəzi,  Təhsil Şurası,  "Demokratik Gənclər" İctimai Birliyi,   Qeyri-Hökumət Təşkilatları və  digər təhsil müəssisələri ilə əməkdaşlıq qurulması nəzərdə tutulub.

N.Babyev adına 144 №-li tam orta məktəbin ümum təhsil müəssisələri kateqoriyası üzrə qalib olduğu layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.