İnfo Cup proqramlaşdırma müsabiqəsində məktəblilərimiz medal qazanıblar
10-18 fevral 2022-ci il tarixlərində Rumıniyada onlayn formatda təşkil edilən məktəblilərin 6-cı İnfo cup proqramlaşdırma müsabiqəsi keçirilib. 14 ölkədən 150 dən çox şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 1 bürünc medal qazanıblar.
Gəncə şəhəri Fizika, riyaziyyat informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova və Balakən rayonu Qazbinə kənd tam orta məktəbin 11-ci sinif şagirdi Xizri Saxrayev gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Fuad Qarayev isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 9 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 30 medal əldə ediblər.