25.02.2022

ARTİ ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

ARTİ-nin direktoru Rüfət Əzizov və AzTU-nun rektoru Vilayət Vəliyevin təmsil olunduğu nümayəndə heyəti 24 fevral 2022-ci il tarixində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında səfərdə olublar. Səfər çərçivəsində ARTİ ilə Bakı Limanı arasında AzTU-da təhsil alan “SABAH magistratura” proqramının tələbələrinin limanın Təlim Mərkəzində dəniz nəqliyyatı və liman logistikasını əhatə edən müxtəlif mövzularda təlim proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov, AzTU-nun rektoru Vilayət Vəliyev və Bakı Limanının baş direktorunun müavini Söhrab İsmayılov ali təhsil müəssisəsi-biznes əməkdaşlığının akademik təhsil müddəti zamanı tələbələrin həm də iş həyatına hazırlanmasına, peşəkar gənc kadrların yetişməsinə, regional nəqliyyat mərkəzi olan Azərbaycanın yaxın gələcəkdə bu sahə üzrə kadr potensialının möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Qeyd edək ki, AzTU-nun "SABAH magistratura" tələbələri üçün təşkil olunacaq "Dəniz nəqliyyatı və Liman logistikası" adlı təlim nəzəri və praktiki hissədən ibarət olmaqla, ümumilikdə 2 həftə davam edəcək. Bakı Limanının Təlim Mərkəzinin ixtisaslaşmış heyəti tərəfindən keçiriləcək nəzəri hissə AzTU-da, praktiki hissə isə Ələt qəsəbəsində yerləşən Limanda baş tutacaq. Səfər çərçivəsində tələbələr Limanın ərazisi, terminalları və yükaşırma əməliyyatları ilə yaxından tanış olacaqlar.

Daha sonra nümayəndə heyəti təlim proqramları çərçivəsində tələbələrin praktik təcrübə toplayacağı Bakı Limanının “Əsas yük”, “Ro-ro” və “Bərə” terminallarının fəaliyyəti, hazırda istifadə edilən yükaşırma vasitələri və növləri ilə əyani tanış olub. Qonaqlara limanın texniki imkanları və operativ yükaşırmanın təmin edilməsi üçün tətbiq edilən texnologiyalar və innovativ həllərlə bağlı məlumat verilib.