"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlər davam edir
“Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı layihə üzrə təlimlərin 2-ci mərhələsi davam edir. Peşə təhsili müəssisələrində təşkil olunan təlimlər hal-hazırda ölkənin bütün şəhər və rayonlarında əyani şəkildə həyata keçirilir. Bu layihə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi şagirdlərin qabiliyyət, meyil, maraq və ehtiyaclarını nəzərə almaqla ümumi təhsil müəssisələrində peşəyönümü işini təşkil etmək, eyni zamanda, müxtəlif peşələrlə bağlı maarifləndirici tədbirlər və valideynlərlə iş aparmaqla təhsilalanların peşə seçimində düzgün qərar vermələrinə dəstək olmaqdır.
Nəzərinizə çatdıraq ki, təlim müddətində iştirakçılar peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olurlar. Eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilir.