"SABAH.lab" Akselerasiya Mərkəzi 3 aylıq "Sürət" proqramına qəbul elan edir
“SABAH.lab” Akselerasiya Mərkəzi 3 aylıq “Sürət” proqramına qəbul elan edir. Formalaşmış ideya və komandası, minimum mümkün məhsulu və orta səviyyə ingilis dili biliyi olan namizədlər “Sürət” proqramında iştirak edə bilər.
Layihənin Vençur günündə mələk investorlarla tanışlıq, məhsul və xidmətlərini təqdim etmək Şansı əldə etmək istəyənlər aşağıdakı linkə daxil olub onlayn müraciət formasını doldura bilərlər: https://bit.ly/34WF0pi
Bildirək ki, layihə çərçivəsində müraciət edənlərə yerli və xarici ekspertlər tərəfindən mentor dəstəyi, ofisdən 7/24 istifadə və 25.000 AZN dəyərində investisiya təklif edilir.
3 aylıq proqram müddətində müsabiqədən keçən namizədlərin maarifləndirilməsi nəzərdə tutulub. Belə ki, Massaçusets Texnologiya İnstitutu, Stanford Universiteti və İE Biznes məktəbi kimi nüfuzlu təhsil ocaqlarının professorları tərəfindən mühazirə və seminarlar təşkil olunacaq.
Əlavə olaraq, iştirakçılara öz ideya və məhsullarını inkişaf etdirməklə yanaşı, potensial müştəri bazası əldə etmək üçün imkanlar yaradılıb.
Tamamilə ödənişsiz təşkil edilən proqrama müraciət zamanı yaş məhdudiyyəti və xüsusi ixtisas tələbi tətbiq edilməyib.
Onlayn müraciət əsasında seçilən və “Sabah.lab” komandası ilə müsahibə mərhələsini uğurla başa vuran namizədlər minimal mümkün məhsullarını İE Biznes məktəbinin İdarə Heyətinə təqdim etmək imkanı əldə edir. Təqdimat zamanı müvəffəqiyyət qazanan komandaların "Sürət" proqramında iştirakı təmin olunur.
Siz də layihə və ideyalarınızın inkişafı, tanınması, müştəri bazası və maliyyə dəstəyi üçün geniş imkanlar əldə etmək istəyirsinizsə "Sürət" proqramına qoşulma fürsətini qaçırmayın!
Qeyd edək ki, ümumilikdə, “SABAH.lab” Akselerasiya Mərkəzi fəaliyyəti müddətində buraya 1000-dən çox müraciət daxil olub. Namizədlər arasından 11 komanda seçim turundan uğurla keçib və ideyaları üzərində işləmək üçün hal-hazırda onlara Mərkəz tərəfindən müvafiq dəstək göstərilir. Təqdim olunan məhsul ideyalar arasında kənd təsərrüfatı, tibb, təhsil, moda, insan resusrları və digər sahələrinə aid layihələr mövcuddur.
Onlayn müraciət üçün son tarix 15 martdır.