ARTİ "Süni intellekt və data elmi" intensiv təlim proqramına müraciətləri açıq elan edir
Rəqəmsallaşan dünyada süni intellekt və data elminə ehtiyac və maraq günü-gündən artmaqdadır. Bu gün verilənlərin toplanması, analiz edilməsi və emalı kimi bacarıqlar həm dövlət, həm də özəl qurumlarda ən çox tələb olunan bacarıqlar arasındadır.
Ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi ilə ARTİ tərəfindən “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcək və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.
3 aylıq intensiv təlim proqramının sonunda iştirakçılar aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər:
- Python və SQL proqramlarından sərbəst şəkildə istifadə etmək;
- Araşdırma sualları formalaşdırmaq və statistik analiz apararaq bu suallara cavab tapmaq;
- Python və Tableau proqramlarından istifadə edərək verilənləri viziuallaşdırmaq;
- “Machine Learning” modellərindən istifadə edərək analizlər etmək və hesablamalar aparmaq;
-“Dərin öyrənmə” (Deep learning) alətlərindən istifadə edərək biznes proseslərini optimallaşdırmaq.
Proqram ingilis dilində tədris olunacaq. Təlim proqramında iştirak etmək üçün namizədlərdən yaxşı səviyyədə ingilis dili bacarıqlarının, riyazi biliklərinin, STEM ixtisaslarında təhsil alması və data elminə marağı olması tələb olunur. Proqramlaşdırma biliklərinin olması arzuolunandır. Proqram əsasən bakalavr, magistr tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. Data elminin əsaslarını öyrənmək və gələcəkdə peşəkar data mütəxəssisi olmaq istəyən tələbələr qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/m5vB2BCt5dRJ4REi9
Müraciətlər üçün son tarix 5 aprel 2022-ci ildir. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar. Proqrama iştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur.
Sözügedən proqramla bağlı hər hansı sualınız yaranarsa, ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin elektron poçt vasitəsi ilə (innovations@arti.edu.az) əlaqə saxlaya bilərsiniz.