27.03.2022

"Mühəndislik düşərgəsi"ndən bir gün

ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən təşkil olunan və Şəki rayonunda həyata keçirilən “Mühəndislik düşərgəsi”nin ikinci günündə bir çox yerli və xarici şirkətlərdə çalışan mühəndislər ilə tələbələrin görüşü baş tutub.

İlkin olaraq, “WESA” şirkətinin layihə meneceri Kənan Atakişiyev “Əlavə dəyər istehsalçısı olmağın vacibliyi” mövzusunda çıxış edərək öz təcrübələrini tələbələrlə bölüşüb. Daha sonra “HECOTEC” MMC-nin direktoru Həsən Abbasov və “Bos-shelf” LLC-nin Brownfield meneceri Ağalar Qasımov “Neft və qaz layihələri” mövzusunda təqdimat ediblər.

“Baku Steel Company” QSC-nin keyfiyyəti idarəetmə sistemi üzrə koordinatoru Nəsimi Bayramlı tələbələr ilə birlikdə “Ağır metallurgiyada mühəndislik (polad armatur və boru istehsalatı)” və “Mexanika mühəndisliyində müasir kompüter proqramları” mövzularında müxtəlif praktiki işlər həyata keçirib.

Kampın ikinci gününün sonuncu qonağı olan “SOCAR KBR”in mexanika mühəndisi Fərid Məmmədovun isə “Mexanika mühəndisləri haradadır?” adlı seminarı baş tutub.