29.03.2022

"Mühəndislik düşərgəsi"nin bağlanış mərasimi baş tutub

ARTİ-nin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 24-28 mart tarixlərində Şəki rayonunda təşkil edilən tələbələrin “Mühəndislik düşərgəsi”nin bağlanış mərasimi baş tutub.

Düşərgənin son günü PROKON şirkətinin layihə rəhbəri Məmmədağa Mehdiyev “Necə mühəndis olmalı?” mövzusunda çıxış edərək dünyada mühəndislik sahəsində baş verən təcrübələr, mühəndislikdə idarəetmə, hədəflər haqqında danışıb.

Daha sonra düşərgənin bağlanışı ilə əlaqədar keçirilən tədbirdə çıxış edən ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov 5 gün ərzində düşərgəyə gələn, tələbələrlə öz dəyərli məsləhətlərini, biliklərini bölüşən mühəndislərə və idarəçilərə öz minnətdarlığını bildirib.  T.  Alışov mühəndislik sahəsinin əhəmiyyətini bir daha vurğulayaraq düşərgə iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra düşərgə iştirakçıları sertifikatlarla təltif ediliblər.