Şabranda müəllim və valideynlərin iştirakı ilə təlim keçirilib
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə keçirilən təlimin mövzusu "İstedadlı uşaqlarla işləyən kontingentin müəyyənləşdirilməsi, stimullaşdırılması istiqamətində hazırlanması, pedaqoji işçilər üçün istedadlı uşaqlarla iş fəaliyyətin xarakterik xüsusiyyətlərinə həsr olunmuş ixtisasartırma tədbirlərinin həyata keçirilməsi." Olub. Təlimdə Şabran rayonu müəllimləri və valideynlər iştirak edib.
Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Fazilovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.