11.04.2022

Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstək məqsədilə layihə həyata keçirilir

ARTİ Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihə həyata keçirir. Layihənin icra müddəti 2021-ci ilin sentyabr – 2022-ci ilin may aylarını əhatə edir.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd  pandemiya nəticəsində öyrənmələrində ciddi boşluqlar yaranan şagirdlərin ehtiyaclarını yerlərdə müəyyən etmək, bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin peşəkar inkişafını təmin etməkdir. Bu məqsədlə milli qiymətləndirmə tədqiqatının nəticələrinə əsasən ən aşağı nəticə göstərmiş 6 rayonun (Gəncə şəhəri, Qobustan, Ağsu, Goranboy, Hacıqabul, Beyləqan rayonları) ümumilikdə 20 məktəbinin 842 şagirdinə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə ehtiyaclarına uyğun dəstək göstərilib.