13.04.2022

ARTİ- nin dəstəyi ilə cəbhəyanı bölgələrin məktəbləri üçün keçirilən təlimlər davam edir

ARTİ BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində hərbi münaqişədən təsirlənmiş uşaq və yeniyetmələrə müharibədən sonrakı dövrdə qarşılaşdıqları stres və çətinlikləri aradan qaldırmaq, psixoloji dəstək vermək, o cümlədən onların sosial-emosional bacarıqlarını təkmilləşdirmək məqsədilə Gəncə və Naftalan şəhərləri və Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Tovuz, Füzuli, Goranboy rayonlarında fəaliyyət göstərən daha 1000 müəllimə "Əsas sosial-emosional bacarıqların inkişafı" proqramı üzrə distant təlimlər keçirilir.

Sözügedən təlim proqramında stresin mənfi təsirlərini aradan qaldırmaq və stresi idarəetməyin mümkün yolları, sosial-emosional öyrənmə və psixoloji məmnunluğu dəyərləndirmənin nəzəri əsasları və uşaqlarla dəstəkləyici ünsiyyətin qurulması üçün strategiyalar kimi mövzulara üstünlük verilir. Həmçinin  sosial-emosional bacarıqların inkişafı və modelləşdirilməsi üçün təlimlər zamanı praktik işlər - fərdi və qrup şəklində proyektiv testlər, situasiya tapşırıqları, bədən və tənəffüs meditasiyası, dialoqlar, o cümlədən  art terapiya yerinə yetirilir. 

Layihə çərçivəsində Azərbaycanın cəbhəyanı bölgələrindəki məktəblərin müharibə və onun fəsadlarından təsirlənmiş uşaq və yeniyetmələrə, o cümlədən müəllimlərə ilkin psixososial dəstək verilməsi sahəsində bilik və bacarıqlarının gücləndirilməsi hədəflənir.

Qeyd edək ki, təlimlərin aprel ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.