"İrəvan Müəllimlər Seminariyası" mövzusunda elmi konfrans keçiriləcək
28 aprel 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfrans keçiriləcək.
Elmi konfransın keçirilməsində məqsəd İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti və onun Azərbaycan təhsilinə, elminə, pedaqoji kadr hazırlığına verdiyi töhfələri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə geniş müzakirə etmək və təkliflər formalaşdırmaqdır.
Elmi konfransın “İrəvan Müəllimlər Seminariyası: tarixi gerçəklər müasirlik müstəvisində” adlı birinci panelində ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Məmmədova məruzə edəcəklər.