19.04.2022

PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edir.

 

Aprelin 18-dən başlayan qiymətləndirmə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. Ötən il sınaq mərhələsi keçirilən bu tədqiqatın əsas mərhələsində Bakı üzrə 180 ümumi təhsil müəssisəsindən həm Azərbaycan bölməsi, həm də rus bölməsi üzrə 8000-ə yaxın şagirdin iştirakı planlaşdırılıb. Xatırladaq ki, sınaq mərhələsində 63 ümumi təhsil müəssisəsindən 2850 nəfər şagird iştirak edib.

 

Qiymətləndirmə Bakı şəhərinin 220, 32 və 291 nömrəli məktəblərində yaradılan imtahan mərkəzlərində həyata keçirilir. Qeyd edək ki, proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilir.

 

Nəzərinizə çatdıraq ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşüncə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.