22.04.2022

"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihənin icrasına başlanılıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə birlikdə “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihənin icrasına başlayıb.    

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən hazırlanan “Azərbaycanın təhsil sistemi üçün uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi” əsasında Bakı şəhəri üzrə seçilmiş 25 pilot məktəbdə direktor, direktor müavinləri, məktəb psixoloqu və valideyndən ibarət uşaq müdəfiəsi və təhlükəsizliyi (UMT) komandaları yaradılacaq və həmin komandaların uşaq təhlükəsizliyi konsepti və prosedurları haqqında bacarıqlarının artırılması istiqamətində təlimləndirilməsi həyata keçiriləcək.

Bu məqsədlə, ilk öncə UNICEF-in sahə üzrə mütəxəssisi tərəfindən ARTİ, BŞTİ və ADPU əməkdaşlarından ibarət 12 nəfərlik qrupa təlimlər təşkil olunub. Uşaq müdafiəsi və təhlükəsizliyinə dair ilkin anlayışlar, mexanizmə aid siyasətlər, iş prinsipləri kimi nəzəri mövzuları, həmçinin  müxtəlif praktik məşğələlər və interaktiv müzakirələri əhatə edən 4 günlük ToT nəticəsində 5 nəfər təlimçi və supervizor kimi seçilib. Seçilən təlimçilər ilkin mərhələdə 25 məktəbin, ümumilikdə 113 təhsilverəndən ibarət pilot UMT komandalarını təlimləndirəcək, valideyn və şagirdlər ilə maarifləndirici görüşlər keçirəcək. Layihənin növbəti mərhələsində isə həmin ümumtəhsil müəssisələrində proses mütəmadi şəkildə superviziya olunacaq. 

Qeyd edək ki, adıçəkilən layihə cari ilin sonunadək davam edəcək və ümumilikdə, təxminən 27,000 şagirdin bu layihədən bəhrələnməsi nəzərdə tutulub.