Musiqi və Təsviri incəsənət fənni üzrə "Refleksiv müəllim" vebinarı keçirilib
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən “Refleksiv müəllim” vebinarının 14 və 18 aprel 2022-ci il tarixlərində növbəti görüşü keçirilib. Bu vebinarlar ardıcıl olaraq Musiqi və Təsviri incəsənət fənlərini tədris edən müəllimlər üçün nəzərdə tutulub.
Musiqi fənni üzrə dərs icmalını iştirakçılara 33 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Soltanova Ləman təqdim edib. Mövzu isə III sinif Musiqi dərsliyində olan “Azərbaycan musiqisi və Novruz bayramı” olub.
Təsviri incəsənət fənnindən isə iştirakçılara 156 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Verdiyeva Sevdanın təqdimatı əsasında II sinif Təsviri incəsənət dərsliyində olan “Qış nağılı” mövzusu üzrə dərs icmalı təqdim edilib.
Layihənin məqsədinə uyğun olaraq müəllimlər əvvəlcə icmalı müzakirə edib, daha sonra ardıcıl olaraq dərslə bağlı sual, qeyd və təkliflərini bildiriblər. Yekunda isə birgə fikir mübadiləsi aparılmaqla dərsin daha səmərəli, uğurlu icmalı hazırlanıb.