28.04.2022

Dünyasını dəyişən Namiq Nağıyevin əziz xatirəsinə..

Metodik Dəstək Mərkəzinin ilk və qurucu direktoru, Azərbaycan təhsil ictimaiyyətinin Covid -19 pandemiyası səbəbindən itirdiyi, ömrünün gənc, fəaliyyətinin ən önəmli çağında dünyasını dəyişən Namiq Nağıyevin

Əziz xatirəsinə..

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin ilk direktoru olan Namiq Nağıyev 30 iyun 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Bakalavr və magistratura pilləsi üzrə ali təhsilini Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Aspirantura təhsilini Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda davam etdirib.

2003-cü ildən etibarən Lənkəran, Sumqayıt və Bakıda müxtəlif lisey və gimnaziyalarda müəllim kimi fəaliyyət göstərib. Müxtəlif tədris mühitlərində pedaqoji fəaliyyət zamanı əldə etdiyi təcrübə və nəzəri bilikləri ona əmək fəaliyyətini 2016-2019-cu illərdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Qiymətləndirmə şöbəsinin müdiri, daha sonra direktor müavini olaraq davam etdirməyə imkan verib. 2019-2020-ci illərdə Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daim yenilikləri öyrənməyə çalışaraq ölkəmizdə, eləcə də, xarici ölkələrdə, ABŞ, Almaniya, Hollandiya, Çin Xalq Respublikası, Cənubi Koreya Respublikasında təhsil üzrə çoxsaylı təlimlərin iştirakçısı olub, beynəlxalq iştirakçı və məzun sertifikatlarına layiq görülüb. 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticəni göstərib. Azərbaycan, ingilis, rus və türk dillərini mükəmməl bilirdi.

O, təhsil islahatları istiqamətində həyata keçirilən bir çox layihələrin icrasında iştirak edib. Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əvəzsiz xidmətləri olub.

10 dekabr 2020-ci il tarixində Təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru təyin olunan Namiq Nağıyev qısa müddət ərzində Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin effektiv fəaliyyətini təşkil edildi. Regionlarda tədrisin keyfiyyətinin yüksəldilməsinə hədəflənmiş fəaliyyət planı hazırlandı. Metodiki xidmətin təşkili və Covid-19 pandemiyası səbəbilə tətbiq edilən distant təhsil üzrə metodistlərin və müəllimlərin yaranmış suallarını cavablandırmaq və təkliflərini ünvanlamaq üçün Qaynar xətt istifadəyə verildi.

Metodik Dəstək Mərkəzi tərəfindən regionlarda metodkabinetlərin iş fəaliyyəti ilə tanış olmaq və metodkabinetlərin əməkdaşları ilə görüşlər keçirmək məqsədilə regionlara səfərlər başlandı və əhəmiyyətli məlumatlar toplanıldı. Metodistlərin peşəkarlığının artırılması məqsədilə müxtəlif məzmunları əhatə edən təlim proqramlarının hazırlanması və təlimlərin təşkili planlaşdırıldı.

28 aprel 2021-ci il tarixində, ömrünün ən yaradıcı illərində gözlərini əbədiyyətə yuman Namiq Nağıyevin vəfatından 1 il ötür.

Namiq Nağıyevin Metodik Dəstək Mərkəzinə rəhbərlik etdiyi 5 ay ərzində başladılan və icrası planlaşdırılan bütün işlər onun vəfatından sonra mərkəz işçiləri tərəfindən davam etdirilir. Görülən hər bir işin Namiq müəllimin əziz xatirəsinə layiq şəkildə müvəffəqiyyətlə sonlanmasına çalışılır.

Azərbaycanın təhsil sahəsində mühüm töhfələri olan Namiq Nağıyevin əziz xatirəsi onu sevənlər tərəfindən daim anılır.

Allah rəhmət eləsin...