01.11.2017

"Oynayaraq öyrənirik" layihəsi çərçivəsində seminar keçirilib

1 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Oynayaraq öyrənirik” layihəsi çərçivəsində valideynlərin iştirakı ilə seminar keçirilib.

Seminar Şəxsi inkişaf təlimçisi Leyla Şurxayzadə və layihənin rəhbəri Sona Hacılı tərəfindən Bakı şəhəri N. Məmmədov adına 9 saylı tam orta məktəbdə keçirilib. 24 nəfərin iştirakı ilə baş tutan seminarın əsas məqsədi valideynləri şagirdlərin öyrəndikləri bacarıqları dəstəkləmələri üçün lazımlı bilgilərlə tanış etmək olub.

Yaxın günlərdə layihə çərçivəsində drama və rəqs məşğələlərinin də fəaliyyətə başlaması nəzərdə tutulub.

Bunda başqa layihənin davamlılığı məqsədi ilə valideynlərlə yanaşı, həm məktəbin, həm də digər əməkdaş məktəblərin fənn müəllimləri və məktəb psixoloqlarına da seminarlar təşkil olunacaq.

Qeyd edək ki, seçim turu oktyabr ayının 13-də başa çatan layihənin icrasına 14 oktyabr tarixindən etibarən başlanılıb.

Layihənin əsas məqsədi Bakı şəhəri N. Məmmədov  adına 9 saylı tam orta məktəbin şagirdləri üçün fərdi inkişaf təlimlərinin təşkil edilməsi və bu bacarıqlarının möhkəmləndirilməsi üçün yaradıcılıq məşğələlərinin keçirilməsindən ibarətdir. Layihə çərçivəsində mütəxxəsislərlə birlikdə şagirdlər üçün yaradıcı məşğələlərl, drama və rəqs məşğələləri ilə zəngin olan proqramların təşkil edilməsi nəzərdə tutulub.

Bakı şəhəri N.Məmmədov adına 9 saylı tam orta məktəbin müəllimi Sona Hacılının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş "Oynayaraq öyrənirik” layihəsi öz işini 22 dekabrda başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.