30.04.2022

Düşərgənin 2-ci günü

Düşərgənin 2-ci günü AzTU Süni İntellekt və Kibertəhlükəsizlik İnstitutunun icraçı direktoru Yadigar İmamverdiyev tələbələr ilə görüşərək onlara “Simmetrik açarlı kriptoqrafiya və diskret riyaziyyata yeni baxış”, “Klassik şifrlərdən müasir şifrlərə: əsas ideyaların retrospeksiyası” mövzusunda təqdimat edərək gündəlik həyatda istifadə etdiyimiz kriptoqrafik protokolların əsasını təşkil edən simmetrik və asimmetrik kriptoqrafik alqoritmlər, müxtəlif riyazi məsələlər haqqında müzakirə edib.

Daha sonra ADNSU-nun baş müəllimi r.ü.f.d Tağıyev Rəşad “Funksiyaların törəməsi və diferensialı (diskretləşdirmə üsulu)” mövzusu ilə tələbələrinin qarşısında çıxış edib.

"IT Camp Hackathon 2022" üzrə keçirilən müsabiqədə iştirak edən tələbələrə isə qrupların müəyyənləşdirilməsi üçün ilkin tapşırıqlar verilib,  daha sonra tələbələr 4 qrup üzrə bölünərək onlara verilən xüsusi tapşırıqları yerinə yetirməyə davam ediblər.

Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi Bəhman Qüdsi (Məmmədov) “Əyləncəli kriptoqrafiya” mövzusundakı təlimi, kreativlik və ehtimal oyunları ilə tələbələrin marağını qazanıb. 

Tələbələr asudə vaxtlarında müxtəlif intellektual və əyləncəli oyunlar oynayaraq müxtəlif mövzuda müzakirələr edir.

2-ci günün sonuncu qonağı Xəzər Universitetinin Riyaziyyat departamentinin müdiri Əli Hüseynov isə tələbələr ilə “affin və proyektiv müstəvi” mövzusunu müzakirə edib.

Qeyd edək ki, düşərgə 29 aprel-3 may tarixlərində Quba rayonunda təşkil edilir.