"AZERCELL CUP" müsabiqəsinin qalibləri ilə görüş keçirilib
27 aprel 2022-ci il tarixində “Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən “AZERCELL CUP” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
5-7-ci sinif şagirdlərinin qatıldığı 300-dən çox iştirakçı olan müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək 1-ci, 2-ci və 3-cü yeri qazanan 21 iştirakçıya lider mobil operator tərəfindən sertifikatlar və dəyərli hədiyyələr təqdim edilib.
Tədbirin açılışını edən “Azercell”in Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya qalibləri təbrik edərək gənclərin elmi potensialının aşkar edilməsinə və inkişafına yönələn bu təşəbbüsün “Azercell” üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İKT müasir həyatın bütün aspektlərini əhatə edir, həm insanlar, həm də cihazlar arasında qarşılıqlı fəaliyyət, ünsiyyət, informasiya əldə etmək üçün yeni, daha sürətli yollar təqdim edir. İKT sahəsi üzrə mütəxəssislərin yetişdirilməsi, rəqəmsal texnologiyalara, informatika elminə maraq göstərən, alqoritmik düşünmə qabiliyyəti ilə fərqlənən şagird və tələbələrin inkişaf etdirilməsi “Azercell”in sosial məsuliyyət strategiyasının vacib istiqamətlərindəndir. 2017-ci ildən etibarən “Azercell” Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı qismində məktəblilərimizin müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrə hazırlıq prosesinə dəstək olur. Şagirdlərimizlə qürur duyur, onlara topladıqları bilikləri uğurla nümayiş etdirməyi arzu edirik!”.
Sözügedən müddətdə məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.
Ümumi təhsilin təşkili və idarəolunması sektorunun rəhbəri Fuad Qarayev bu layihənin gerçəkləşməsinə göstərdiyi dəstək üçün “Azercell” şirkətinə öz təşəkkürünü bildirərək ümumtəhsil müəssisələrində dövlət və özəl əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Tədbirin rəsmi hissəsindən sonra “Azercell Plaza”da şagirdlər üçün ekskursiya proqramı da təşkil edilib. Məktəblilər şirkətin ayrı-ayrı şöbələrinin fəaliyyəti ilə yaxından tanış olub, onları maraqlandıran sualları “Azercell” əməkdaşlarına ünvanlayıblar.
Xatırladaq ki, ötən ilin iyun ayında start verilən “AZERCELL CUP” proqramlaşdırma üzrə iki mərhələli müsabiqə lider mobil operatorun 25 illik yubileyinə həsr olunub. ADA universitetində baş tutan final turunda 5 alqoritmik məsələnin həlli üçün 3 saat vaxt təqdim edilib. Nəticədə 4 şagird qızıl, 7 şagird gümüş və 10 şagird isə bürünc medal ilə təltif olunub.
Mükafatlandırma mərasimi “Azercell Telekom” MMC-nin rəhbər heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ARTİ rəsmilərinin iştirakı ilə baş tutub.