Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə üzrə "Metodiki Tövsiyələr" nəşrinin təqdimatı keçirilib
6 may tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və ARTİ-nin birgə təşkilatçılığı ilə hazırlanan “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin mina və partlayıcı hərbi sursatların təhlükəsinə qarşı maarifləndirilməsinə dair “Metodiki Tövsiyələr” nəşrinin təqdimatı keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov, ARTİ-nin direktoru Rüfət Əzizov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, orta ixtisas və ümumtəhsil müəssisələrinin rəhbərləri və müəllimləri, II Qarabağ müharibəsinin qaziləri və digər qonaqlar iştirak edib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, şanlı ordumuzun texnikasının süni intellektlə bağlı olduğunu və son texnologiyalarla təchiz olunduğunu vurğulayıb. Geri qayıdış prosesində bizim soydaşlarımızın təhlükəsizliyin çox önəmli olduğunu bildirən F. Qurbanov minaların əsasən torpaq altında olduğunu qeyd edib. O, həmçinin bildirib ki, təhlükələrin qarşısını almaq üçün minaların növləri haqqında bizim gənclərimizin geniş məlumatı olmalıdır. Çıxışın sonunda isə metodik vəsaitin ərsəyə gəlməsində əziyyəti olan şəxslərə öz təşəkkürünü bildirib.
ARTİ-nin direktoru Rüfət Əzizov sistemli struktura malik olan metodik vəsaitin ümumtəhsil müəssisələrində istifadə olunacağından, fakültətiv şəkildə bütün məktəblərdə tədris edilən fənlərə inteqrasiya ediləcəyindən bəhs edib. Əlavə olaraq bildirib ki, ANAMA, UNICEF və Təhsil Nazirliyi arasında imzalanan memoranduma əsasən keçirilən layihənin icrasında artıq 2 mərhələ başa çatıb. Layihə çərçivəsində müəllimlərə distant təlim proqramları keçirilib və müəllimlər öyrəndikləri bilikləri şagirdlərinə çatdırıb. O, həmçinin layihə çərcivəsində video materialların hazırlandığını da qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov problemin aktuallığı haqqında çıxış edib. Hazırlanan vəsaitin fəlsəfəsinin insanların həyatının xilas olunmasına xidmət etdiyini, onların KİV-lərdə yayılmasının əhəmiyyətini bildirib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov agentliyin yaradılmasının tarixindən danışıb. O, həmçinin minalanan ərazilərdə problemin aradan qaldırılması üçün maarifləndirmə işinin vacibliyini və metodik vəsaitin faydalı əməkdaşlığın nəticəsi olduğunu deyib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirin təşkilatçılığı üçün xüsusi təşəkkürünü bildirib.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxışında bu kimi tədbirlərin digər bölgələrdə də keçirilməsinin əhəmiyyətindən söz açıb.
Azərbaycan Respublikasının əməkdar müəllimi Ramella Məmmədova ANAMA təşkilatının hər il məktəblərə müvafiq resurslar payladığını, artıq 15 məktəbdə şagirdlər üçün maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.
Akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəri Qılman Eyvazov “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Şuşaya səfər olunduğunu və yol boyu qabaqlayıcı tədbirlər qeyd olunan plakatların olduğunu deyib. Eləcə də Q. Eyvazov ümumtəhsil müəssisələrinin hərbi dərslərində keçirilən mina təhlükəsizliyi haqqındakı dərslərdən danışıb.
Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev metodik vəsaitlərin xarici dillərə də tərcümə edilməsini və minalar haqqında verilişlərin çəkilməsini təklif edib.
Tədbir çərçivəsində iştirakçılara ANAMA-nın fəaliyyətini, eləcə də işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin təhlükəsi və partlayıcı sursatların törədə biləcəyi xəsarətləri əks etdirən video çarxlar nümayiş olunub.
“Metodik tövsiyələr”in hazırlanmasında məqsəd təhsilalanları mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə barədə xəbərdar etmək, riskli ərazilərdə davranış qaydaları və diqqətli olmağı aşılamaq, onları cəmiyyətin məsuliyyətli üzvü olmağa həvəsləndirmək, partlayıcı sursatların təhlükəsinə dair əldə etdikləri bilik və bacarıqları başqaları ilə paylaşmağa təşviq etməkdir.
Qeyd edək ki, Təhsil Nazirliyinin F-416 nömrəli, 20.08.2021-ci il tarixli əmri ilə 2021-2022-ci tədris ilindən başlayaraq ölkənin bütün ümumtəhsil müəssisələrinin ümumi orta təhsil səviyyəsində tədris olunan “Həyat bilgisi” fənninin daxilində “Mina təhlükəsinə dair maarifləndirmə” kursu üzrə mövzuların tədrisi barədə qərar verilib.
Əmrin icrası ilə bağlı cari tədris ilində Bakı şəhərinin bütün rayonlarının, həmçinin Respublikanın Astara, Ağdaş, Ağdam, Abşeron, Biləsuvar, Beyləqan, Goranboy, İmişli, Füzuli, Quba, Salyan, Siyəzən, Tərtər rayonlarının, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Yevlax və Lənkəran şəhərlərinin, həmçinin Bakıda, Gəncədə, Sumqayıtda və Abşeron rayonunda fəaliyyət göstərən Qubadlı, Laçın, Zəngilan, Ağdam, Cəbrayıl, Kəlbəcər, Şuşa və digər rayonların bir neçə məktəblərində və peşə təhsili müəssisələrində, həmçinin Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində, Bakı Neft-Energetika Kollecində və digər orta ixtisas təhsili müəssisələrində dərsdənkənar məşğələlərdə və keçirilən dərslərdə Təhsil Nazirliyi Daxili nəzarət şöbəsinin və Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçiləri, Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), səlahiyyətli nümayəndələri iştirak edib. Bu mövzuda bu günə qədər 50-dən çox tədbir keçirilib.
Ümumtəhsil müəssisələrinin X-XI siniflərində tədris olunan “Çağrışaqədərki hazırlıq” fənninin tədrisində müvafiq mövzular üzrə keçirilən dərslərdə, “Mina təhlükəsinə dair maarifləndirmə” kursu üzrə məşğələlərdə, həmçinin orta ixtisas və peşə təhsili müəssisələrində keçirilən dərsdənkənar məşğələlərdə “Metodiki tövsiyələr”dən istifadənin təmin edilməsi tapşırılıb.
Artıq bir müddətdir ki, müharibədən zərərçəkmiş regionlarda, eləcə də keçmiş məcburi köçkün təhsil müəssisələrində Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin müvafiq nümayəndələri tərəfindən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” tədbirləri həyata keçirilir.
Keçirilən tədbirlərdə təhsil müəssisələrin müəllim-şagird (tələbə) heyətinin üzvləri ilə birgə Qarabağ müharibəsinin iştirakçıları və qaziləri, şəhid ailələrinin yaxınları, rayon icra hakimiyyətinin başçıları, onların müavinləri, şöbə müdirləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli təşkilatların rəhbərləri və digər ictimai qurumların nümayəndələri iştirak edib. Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın nümayəndələri də bir sıra təhsil müəssisələrində keçirilən tədbirlərdə fəal iştirak edərək mövzu ilə bağlı maarifləndirici məlumat verib.
Təhsil müəssisələrində keçirilən bu kimi tədbirlərin məqsədi baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyətli rol oynayır.
Tədbirlər barədə “Azərbaycan müəllimi” qəzetində məqalələr dərc edilir və Nazirliyin internet saytında yerləşdirilməsi təmin olunur, həmçinin müvafiq materiallar rayon, şəhər qəzetlərində də dərc olunur, ölkənin telekanallarında verilir.
Qeyd olunan istiqamətdə maarifləndirmə tədbirləri artıq çap olunmuş «Metodiki Tövsiyələr”ə əsaslanaraq, cari tədris ili ərzində və həmçinin növbəti tədris illərində də Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində davam etdiriləcək.