Vakansiya seçimi mərhələsinə start verilir
10 may tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün aktivləşdiriləcək. Müsabiqə üzrə qeydiyyatdan keçən və elektron ərizəsi təsdiq olunan şəhid ailələrinin üzvləri 10 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 14 may saat 11:00-dək davam edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmağı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.
Vətən müharibəsi şəhidlərimizin xatirəsini böyük hörmət və ehtiramla anır, müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!