10.05.2022

Növbəti tədris ilindən "Təbiət 5" dərslik komplektinin kütləvi istifadəsi nəzərdə tutulur

ARTİ artıq 1 ildən çoxdur ki, təbiət elmləri və riyaziyyat üzrə kurikulumların və dərsliklərin təkmilləşdirilməsi istiqamətində beynəlxalq qiymətləndirmə tədqiqatlarında liderlik edən Sinqapurun təhsil şirkətləri ilə təcrübə mübadiləsi aparır. Ötən il bu ölkənin Alston Təhsil şirkəti ilə əməkdaşlıqda hazırlanmış “Təbiət 5” dərslik komplekti ictimaiyyətə təqdim olunub və ölkədə ilk dəfə Təbiət fənninin tədrisi zamanı sınaqdan keçirilib. Növbəti tədris ilindən bu dərslik komplektinin kütləvi istifadəsi nəzərdə tutulur.

Bu ilin I rübündə  təbiət fənləri üzrə Alston Təhsil şirkəti ekspertləri, riyaziyyat fənni üzrə isə Marşal Kavendiş İnstitutunun ekspertləri tərəfindən yerli mütəxəssislər üçün kurikulum və dərslik komplektlərinin təkmilləşdirilməsi, qiymətləndirmənin aparılması istiqamətində təlim və konsultasiyalar keçirilib.

Bu təhsil şirkətlərinin mentorluğu ilə yerli mütəxəssislərimiz tərəfindən hazırda I-XI siniflər üzrə riyaziyyat, I-IV siniflər üzrə həyat bilgisi, V-VI siniflər üzrə təbiət və VII-XI siniflər üzrə kimya, fizika və biologiya fənlərinin kurikulumları təkmilləşdirilməkdədir. Yaxın günlərdə bu kurikulumlarla əlaqəli müzakirələr keçiriləcək. 

Bundan əlavə, “Riyaziyyat 5” və “Təbiət 6” dərslik komplektlərinin hazırlanması da davam edir. Bu resursların növbəti tədris ilində pilot istifadəsi nəzərdə tutulur.