10.05.2022

ARTİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib

10 may tarixində ARTİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək ulu öndərin Azərbaycanın tarixinə və mədəniyyətinə olan marağından, xalqın milli ruhunun oyanmasında müstəsna rolundan bəhs edib. O, həmçinin Heydər Əliyevin ölkənin iqtisadi inkişafını həyata keçirmək üçün yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadəni təmin etmək, diplomatik arenada ölkəni təmsil etmək və digər dövlətlərlə siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin inkişafına təkan vermək sahəsində əvəzsiz xidmətlərini qeyd edib.

ARTİ-nin direktoru Rüfət Əzizov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz rolu olan böyük siyasi lider, genişmiqyaslı və sistemli düşüncə tərzinə malik dahi şəxsiyyət olduğunu qeyd edib. Dahi şəxsiyyətin eyni anda həm gündəlik fəaliyyətlərin icrası, həm də gələcəyə dair addımların atılmasındakı düşüncələri və əzmindən bəhs edib . Son olaraq liderin təcrübələrinin müxtəlif resurslar vasitəsilə sistemli ötürülməsindən danışıb.

ARTİ-nin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Piralı Əliyev ümummilli lider Heydər Əliyevin peşəkar fəaliyyətindən, keçdiyi mübariz həyat yolundan danışıb. O, qeyd edib ki, Heydər Əliyev sayəsində işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsası qoyulub, ölkə daxilində sabitlik və təhlükəsizlik təmin edilib, uğurlu ordu quruculuğu həyata keçirilib.

ARTİ-nin direktor müavini Aydın Əhmədov Heydər Əliyevin təhsil sahəsindəki uğurlu fəaliyyətinə toxunub. O, qeyd edib ki, ulu öndər hakimiyyətə gəldiyi gündən təhsillə bağlı xüsusi məruzələrlə çıxış edib və bu sahəni daim diqqət mərkəzində saxlayıb. A. Əhmədov uğurlu gəncliyin və gələcəyin məhz təhsillə sıx əlaqəli olduğunu qeyd edən ümummilli liderin fikirlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, ARTİ rəhbərliyi, şöbə müdirləri və əməkdaşları iştirak edib.