13.05.2022

SABAH Magistratura proqramı çərçivəsində "Qlobal təchizat zəncirlərində risklər" adlı vebinar keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Texniki Universitetinin “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə SABAH Magistratura proqramının çərçivəsində logistika və təchizat zənciri sahəsində xarici ekspertlərin spiker qismində iştirak etdiyi vebinarlar silsiləsinə 7 may 2022-ci il tarixində “Qlobal təchizat zəncirlərində risklər” adlı vebinar təşkil etməklə start verilib. Vebinar risk anlayışı, qlobal təchizat zəncirində risk faktorları və riskin idarə olunması ilə bağlı ətraflı məlumat diqqətə çatdırmaq məqsədilə keçirilib.

Türk dilində aparılan vebinarda spiker qismində Massaçusets Texnologiya İnstitutunun məzunu Sena Perk iştirak edib. Onun təchizat zəncirinin idarə olunması sahəsində 13 ildən çox təcrübəsi var. Hal-hazırda Amerikada Pratt&Whitney adlı şirkətdə proqnozlaşdırma üzrə data analitikası meneceri vəzifəsində çalışır. O, Massaçusets Texnologiya İnstitutunda təchizat zəncirinin idarəedilməsi üzrə magistr dərəcəsindən əlavə olaraq, İstanbul Texniki Universitetində həm bakalavr, həm də magistratura təhsili alıb.

Vebinarda spiker qismində çıxış edən Sena Perk təqdimatında risk və onun mənbələri haqqında, eləcə də riskə yanaşma üsulları (proaktiv, reaktiv) barəsində danışıb. Sena Perk həmçinin, “Zərərə uğramanın təhlükələri hansılardır?” mövzusunda da məruzə edib.

Azərbaycan Texniki Universitetinin 50-dən çox əməkdaşının və tələbəsinin qatıldığı tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.