03.11.2017

Arxeoməktəb klubunun üzvlərinə təlim keçirilib

3 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsi çərçivəsində təlim keçirilib.

Bakı şəhəri, Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında baş tutan təlimin mövzusu “Arxeoməktəb klubunun fondunun yaradılması və inventarlaşdırma” olub. Təlimçi-ekspert Dr. Fariz Xəlilli ilə yanaşı təlimdə gimnaziyanın 7, 8, 9-cu siniflərindən olan 40-a yaxın şagirdi iştirak edib. Təlim zamanı Dr. Fariz Xəlilli tərəfindən şagirdlərə arxeoloji materiallarla işləmək, onların pasportunun hazırlanması və inventarlaşdırılması üsulları haqqında məlumat verilib. Şagirdlər onların özləri tərəfindən kluba təqdim olunmuş arxeoloji materiallarla işləyərək təlim zamanı öyrəndiklərini praktik olaraq tətbiq ediblər.

Layihənin məqsədi S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nəzdində “Arxeoməktəb Klubu”nu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji materialları toplamaq, arxeoloqlarla görüşlər keçirmək, məktəblilərə qədim tariximizi sevdirən arxeologiyanı sevdirmək, məktəbliləri Bakıya yaxın rayonlarda təşkil ediləcək düşərgələrə cəlb etməkdir.

Layihə çarçivəsində şagirdlərin arxeoloq alimlərlə görüşü, onlar üçün Milli Azərbaycan Tarixi Muzeyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun sərgi-ekspozisiya şöbəsində açıq dərs, Şamaxı və Ağsu rayonlarına 2 günlük arxeoloji ekspedisiya, və Arxeofotoqrafiya – ustad təlimi də nəzərdə tutulub. Bundan başqa müəyyən ediləcək 2 məktəbdə şagirdlər təqdimat hazırlayaraq layihə ərzində öyrəndikləri ilə bağlı özlərinin seminar vermələri də planlaşdırılır.

Artıq şagirdlərdən klubun fəaliyyətinə uyğun materialların, o cümlədən arxeoloji materialların toplanmasına başlanılıb.

S. C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının tarix müəllimi Anar Əliməmmədovun rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihə öz işini 22 dekabrda başa çatdıracaq. Layihə Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.