05.11.2017

Goranboyda müəllimlər üçün keçirilən təlimlər davam edir

Goranboy rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Yeni təlim texnologiyaları və müəllim bacarığının artılması” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

Həftədə 2 dəfə olmaqla Goranboy şəhər 2 nömrəli tam orta məktəb və Borsunlu kənd 1 nömrəli tam orta məktəbdə təlimlər davam etməkdədir.Təlim zamanı müəllimlər öyrəndiklərini praktik olaraq tətbiq etmələri üçün hər təlim günündən sonra müəllimlərə keçilmiş mövzu üzrə material hazırlamaları və növbəti təlim günündə nümayiş etdirmələri tapşırılır.

Layihənin məqsədi Goranboy məktəblərində olan pedoqoji heyəti müasir Təlim Texnologiyaları ilə tanış etmək, dərs prosesində bu üsulların tətbiqinin mümkünlüyünü və formalarını çatdırmaqdır. Layihə hər məntəqədə 20 nəfər olmaqla 40 nəfəri əhatə edir.

Artıq təlimlər nəticəsində müəllimlər “MS POWERPOINT” proqramının imkanları ilə tanış olublar və hazırladıqları təqdimatlarla təlimlərdə fəal iştirak ediblər.

Növbəti həftə Təlim modulunun 2-ci hissəsi olan “ActivInspire proqramının tədrisinə başlanılması planlaşdırılır. Bu modulda Elektron lövhəyə texniki qulluq və qoşulma üsulları və dərs prosesində proqramdan istifadə qaydalarının öyrədilməsi nəzərdə tutulub.

Son mərhələdə müəllimlərə yerli və xarici veb resurslar barədə məlumat veriləcək və onlar “Powtoon”, “Prezi”, “Google Form”, “Pixton”, “Doontoon” kimi resurslarla işləmə prinsipləri ilə tanış ediləcəklər. Sonda layihə çərçivəsində keçirilən təlim materialları təlimçi tərəfindən kitab şəklində dinləyicilərə təqdim ediləcək.

Goranboy şəhər 2 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Sona Məmmədovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.       

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.