ADPU, AzTU və BDU-nun "SABAH Magistratura" tələbələri üçün "İş dünyası və ali təhsildə trendlər" adlı vebinarlar silsiləsinə start verilib
ARTİ tərəfindən ADPU, AzTU və BDU-nun “SABAH Magistratura” proqramlarında təhsil alan tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində 15 may tarixində “İş dünyası və ali təhsildə trendlər” adlı vebinarların keçirilməsinə başlanılıb. “İnnovasiyanın tətbiqi və dizayn düşüncə tərzi” mövzusunda təşkil olunan ilk vebinarın qonağı “SABAH.lab” Akselerasiya Mərkəzinin Komyuniti meneceri Talifa İsgəndərli olub.
İnteraktiv formada keçən vebinarda tələbələrə “SABAH.lab” Akselerasiya Mərkəzinin xidmətləri və Mərkəzdə həyata keçirilən startaplar barədə qısa məlumat verilib. Daha sonra dünyada və ölkədə yaradılmış startaplar nümunələr əsasında izah edilib. Həmçinin innovasiyanın tətbiqində dizayn düşüncə tərzinin önəmi və bu prosesdə istifadə olunan modeldən, biznesin qurulmasında prototipin yaradılması, sınaqdan keçirilməsi və mütəmadi sorğular əsasında istifadəçilərdən rəyin toplanılmasının vacibliyindən danışılıb.
Vebinarın sonunda öz startapını qurmaq istəyən tələbələrin ideyaları öyrənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, iş dünyası ilə əlaqəli fərqli mövzularda təşkil olunacaq bu vebinarların əsas məqsədi bilavasitə sənaye nümayəndələri, sahənin qabaqcıl mütəxəssislərinin iştirakı ilə tələbələrə real sənayenin ehtiyacları, inkişaf trendləri və s. barədə effektiv məlumat verməkdir.