24.05.2022

ARTİ-nin təşkilatçılığı ilə AzTU tərəfindən yeni layihə çərçivəsində təlimlərə start verilib

ARTİ-nin təşkilatçılığı ilə Təhsil Nazirliyinin maliyyələşdirdiyi və AzTU tərəfindən icra edilən “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində təlimlərə start verilib.

Təlimlərin məqsədi AzTU-nun akademik və inzibati heyətinin elmi-tədqiqat potensialının artırılmasıdır.

Layihə çərçivəsində 13 nəfərdən ibarət birinci qrup üçün 16-20 may tarixlərində aşağıdakı mövzularda təlimlər keçirilib:

  • Elmi məqalə yazılması qaydaları
  • Elmi işlərin yazılmasında modern yanaşmalar
  • Tədqiqat metodları: Kəmiyyət metodları
  • Tədqiqat metodları: Keyfiyyət metodları
  • Beynəlxalq indeksli jurnallarda məqalə nəşr edilməsi qaydaları

İştirakçılar Mühəndis fizikası və elekronika, Kompüter texnologiyaları və kibertəhlükəsizlik, İqtisadiyyat və statistika, Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, digər kafedralar və struktur bölmələrin əməkdaşlarından ibarətdir.

Təlimçilər olaraq ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin əməkdaşları Könül Abaslı, Leyla Sultanlı, Heydər Rzayev və Xəzər Universitetinin əməkdaşı və müəllimi Cavid Cəfərov iştirak ediblər.

Nəzərinizə çatdırmaq istərdik ki, 20 nəfərdən ibarət ikinci qrup üçün eyni təlimlər 26 may-3 iyun tarixlərində keçiriləcək.