"İnteraktiv Təlim Otağı"nın I təlim qrupu üçün təlimləri başa çatıb
3 noyabrda Beyləqanda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İnteraktiv Təlim Otağı” layihəsi çərçivəsində keçirilən təlim başa çatıb.
23 oktyabrda başlayan və Beyləqan peşə məktəbinin 19 nəfər pedaqoji heyətinin iştirakı ilə 1-ci təlim qrupu üçün keçirilən təlim 3 noyabrda başa çatıb. Peşə məktəbində təşkil olunan təlim səmimi və işgüzar bir mühitdə keçib, məktəb tərəfindən təlim üçün zəruri olan maddi-texniki baza (internet, kompüter, interaktiv lövhə, proyektor) yüksək səviyyədə olub.
Qeyd edək ki, layihədə iştirak edəcək müəllimlərin müəyyən olunması məqsədi ilə Beyləqan rayon məktəblərində həyata keçirilən seçim mərhələsi 22 sentyabrda başlamışdı. Layihə rayon məktəblərindən könüllülük və təşəbbüskarlıq prinsipi əsasında seçilmiş 75 nəfər müəlllimin 5 təlim qrupu üzrə, İKT-nin təhsildə tətbiqi məzmunlu 10 günlük (40 akademik məşələ) təlimdə iştirakını nəzərdə tutur. Təlim proqramına əsasən iştirakçıların kurs ərzində qazandıqları kompüter bacarıqlarından istifadə edərək öz fənlərinin tədrisində faydalı olacaq interaktiv dərs modelləri hazılaması nəzərdə tutulub. Təlim mərkəzinin seçimində və təyin olunmasında sürətli internet, hər iştirakçıya bir kompüter, interaktiv lövhə və proyektorun olması vacib amil kimi nəzərə alınır. Təlim iştirakçıları qeyd olunan texnologiyların birgə istifadəsindən sinif otağında interaktiv təlim mühiti yaratmağın mümkünlüyünü əyani olaraq müşahidə edir, özləri simulyativ dərslərin keçilməsində iştirak edərək interaktiv mühit yaratmağın praktiki tətbiq üsullarını mənimsəyirlər.
Layihə çərçivəsində növbəti qrup üçün təlimin 6 noyabr tarixində Beyləqan rayonu Birinci Aşıqlı kənd tam orta məktəbində başlaması nəzərdə tutulub.
Beyləqan rayonu Birinci Aşıqlı kənd tam orta məktəbin müəllimi Rauf Əsədovun fərdi kateqoriya üzrə qalib olmuş layihəsi öz işini 22 dekabrda başa çatdıracaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.