27.05.2022
ARTİ-də kimya fənninin yeni məzmun standartları müzakirə edilib
ARTİ kimya fənni üzrə hazırlanmış yeni məzmun standartlarının ictimai müzakirəsinə başlayıb. Qeyd edək ki, kimya fənninin kurikulumunun təkmilləşdirilməsində Sinqapurun Alston Təhsil şirkətinin mütəxəssislərinin mentorluğundan istifadə edilib. Bu istiqamətdə ilk görüş Bakı məktəblərində kimya fənnini tədris edən qabaqcıl müəllimlərin iştirakı ilə keçirilib.
Tədbirdə əvvəlcə ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov kurikulumların təkmilləşdirilməsi prosesi barədə məlumat verib. Daha sonra işçi qrup üzvləri VII-XI siniflər üzrə kimya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə təqdimat edib. Tədbirdə iştirak edən ümumtəhsil məktəblərinin müəllimləri tərəfindən kimya fənn kurikulumunda aparılan təkmilləşdirmə prosesi təqdirəlayiq hesab olunub.
ARTİ-nin direktoru Rüfət Əzizov da bu müzakirədə iştirak edərək təhsildə qabaqcıl ölkələrin kimya fənninin tədrisində istifadə etdiyi müasir yanaşmalardan nümunələr verib və kimya fənni məzmununun təkmilləşdirilməsi zamanı bu təcrübələrin təhlil edilməsinin əhəmiyyətini vurğulayıb.
Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.